Nadir Azəri: “Avropa Parlamentinin son qətnaməsi də Azərbaycana qarşı yönəlmiş qərəzli siyasətin növbəti nümunəsidir”
Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. 492 deputat o bədnam qətnamənin leyhinə səs verib. Azərbaycanın daxili işlərinə siyasi müdaxilə xarakterli bir sıra mülahizələr irəli sürürlər. Azərbaycanda guya müxalifətə qarşı represiyalar aparıldığına dair iddialar edirlər. Azərbaycanda müəyyən şəxslərə qarşı qanun çərçivəsində görülmüş tədbirləri, atılmış addımları siyasi motivli “represiya” kimi dəyərləndirirlər. 492 deputat o bədnam qətnamənin leyhinə səs verib. Bunlar Avropa Parlamenti tərəfindən sərgilənən qərəzli münasibətdir ki, bu ənənəvi yanaşmanı həmişə görürük.
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kimlərdi?
Ekspertlər hesab eidrlər ki, bu növ qərəzli qətnamələrin əsas sponsoru və təşəbbüskarı Fransa və onun Avropadakı siyasi dairələridir. Cənubi Qafqazda, xüsusilə Ermənistan üzərindən maraqlarını diktə edə bilməyən Paris, Avropa Parlamentinin platformasından Azərbaycana təzyiq rıçaqı kimi istifadə edir.
Ekspertlərə görə, Avropa Parlamentində kök salmış güclü erməni lobbisi və "Ermənistanla dostluq qrupları" prosesin əsas hərəkətverici qüvvəsidir. Onlar mütəmadi olaraq Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi, enerji müqavilələrinin dondurulması və həbsdə olan şəxslərin azad olunması tələblərini lobbiləşdirirlər.
“Avropa Parlamentinin qərəzli qətnamələri Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz. Qərbin bəzi siyasi dairələrinin, xüsusilə də Avropa Parlamentində təmsil olunan müəyyən qüvvələrin Azərbaycana və ölkəmizin müstəqil xarici və daxili siyasətinə qarşı qərəzli mövqeyi artıq uzun müddətdir müşahidə olunur. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən, işğal altındakı torpaqlarımızın azad edilməsindən və dövlət suverenliyimizin ölkəmizin bütün ərazisində bərpasından sonra isə bu cür düşmən münasibət daha da intensivləşib. Ermənistanın məğlubiyyətini qəbul etmək istəməyən bəzi xarici dairələr Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq əvəzinə, müxtəlif bəhanələrlə ölkəmizə qarşı siyasi təzyiqləri davam etdirirlər”.
Bunu baki-xeber.com-a "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
“Avropa Parlamentinin son qətnaməsi də Azərbaycana qarşı yönəlmiş qərəzli siyasətin növbəti nümunəsidir. Onun sözlərinə görə, belə sənədlərin qiymətləndirilməsində yalnız ayrı-ayrı müddəalara deyil, onların hansı siyasi şəraitdə qəbul edildiyinə və hansı məqsədlərə xidmət etdiyinə də diqqət yetirilməlidir.
Müxtəlif siyasi platformalarda Azərbaycana qarşı tənqidi qətnamələrin və təzyiq xarakterli təşəbbüslərin gündəmə gətirilməsi təsadüfi görünmür”-deyə bildirdi.
Nadir Azəri qeyd edib ki, Azərbaycanı belə addımlarla öz siyasi kursunu dəyişməyə məcbur etmək mümkün deyil. Çünki ölkəmiz həm müstəqil qərarlar qəbul etmək, həm də milli maraqlarını qorumaq üçün kifayət qədər siyasi iradəyə və dövlətçilik təcrübəsinə malikdir.
“Azərbaycanla təhdid və təzyiq dili ilə danışmağın nəticə verməyəcəyi dəfələrlə sübuta yetirilib. Ölkəmiz üzləşdiyi çətinliklərə baxmayaraq, öz strateji hədəflərinə doğru inamla irəliləyib, tarixi Zəfər qazanıb və suverenliyini tam bərpa edib. Bu gün də Azərbaycanın mövqeyini hansısa xarici siyasi mərkəzin təzyiqi ilə dəyişəcəyini düşünənlər ciddi yanlışlığa yol verirlər”, – deyə siyasi şərhçi vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın gücünün əsas dayaqlarından biri dövlətlə xalq arasında mövcud olan birlik və milli maraqlar ətrafında formalaşmış həmrəylikdir. Ölkənin mühüm məsələlərdə milli mənafeləri əsas götürərək qərarlar qəbul etməsi və xaricdən yönələn təzyiqlərə qarşı öz mövqeyini qoruması bu birliyin əhəmiyyətini bir daha göstərir.
Nadir Azəri Qərbin Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən dairələrinə çağırış edərək bildirib ki, regionda yaranmış yeni reallıqlara qarşı çıxmaq əvəzinə, onları düzgün qiymətləndirmək və əməkdaşlıq imkanlarından yararlanmaq daha məqsədəuyğun olardı.
“Azərbaycan bu gün öz gələcəyini özü müəyyənləşdirən, regionda yeni siyasi və təhlükəsizlik reallıqlarının formalaşmasında mühüm rol oynayan qalib dövlətdir. Vətən müharibəsindən sonra yaranmış şərait Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün imkanlar açır. Bu imkanların reallaşması üçün dövlətlərin suverenliyinə hörmətlə yanaşmaq, qarşılıqlı maraqları nəzərə almaq və süni maneələr yaratmaqdan çəkinmək lazımdır.
Təəssüf ki, bəzi dairələr regionun gələcək inkişafına töhfə vermək əvəzinə, müxtəlif məsələləri siyasi təzyiq vasitəsinə çevirməyə üstünlük verirlər. Azərbaycan öz milli maraqlarına əsaslanan siyasətini bundan sonra da davam etdirəcək və heç bir qərəzli qətnamə ölkəmizin suveren qərarvermə hüququnu dəyişə bilməyəcək”, – deyə Nadir Azəri fikirlərini yekunlaşdırıb.
İradə SARIYEVA