Səudiyyə Ərəbistanı və Suriya Yəməndə husilərə qarşı əməliyyatda Suriya hərbçilərinin iştirakını müzakirə edir. Müzakirənin Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla Suriya Prezidenti Əhməd əş-Şaraanın Ər-Riyadda keçirilən görüşündə aparıldığı bildirilir.
Ər-Riyad Yəmənin hökumət qüvvələrini gücləndirmək üçün Suriyanın 10–20 min hərbçi göndərməsini istəyir. Suriyanın hələ yekun qərar vermədiyi, lakin bu təklifə razılaşmasının ehtimal edildiyi qeyd olunur. ABŞ administrasiyasının da Suriya və Səudiyyə Ərəbistanı ilə məsələni müzakirə etdiyi və prinsip etibarilə Suriya qüvvələrinin əməliyyatda iştirakına qarşı olmadığı bildirilir.
Məqsəd husilərə qarşı əməliyyatı gücləndirmək və eyni zamanda ABŞ-ın birbaşa hərbi iştirakını artırmamaqdır. Səudiyyə Ərəbistanı üçün Yəmən xüsusilə strateji əhəmiyyət daşıyır, çünki Babül-Məndəb boğazı vasitəsilə mühüm həcmdə neft daşınır.
Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı əməliyyatlara dəstək məqsədilə Suriyadan 10–20 min hərbçi göndərməsini istəməsi fonunda Dəməşqin bu təklifə razılıq verməsi nə dərəcədə realdır və Suriya belə bir hərbi əməliyyata qoşula bilərmi?
“Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı əməliyyatlarda iştirak etmək üçün Suriyadan 10–20 min hərbçi göndərilməsini müzakirə etməsi Yaxın Şərqdə hərbi-siyasi münasibətlərin yeni mərhələyə daxil ola biləcəyini göstərir. Hesab edirəm ki, bu məsələni yalnız iki ölkə arasında mümkün hərbi əməkdaşlıq kimi qiymətləndirmək düzgün olmazdı. Burada həm regional təhlükəsizlik maraqları, həm İranın Yaxın Şərqdəki mövqeləri, həm də ABŞ-ın birbaşa hərbi iştirakını artırmadan husilərə qarşı təzyiqi gücləndirmək strategiyası ön plana çıxır”.
Bəhruz Quliyev: “Səudiyyə Ərəbistanının Yəmənin hökumət qüvvələrini gücləndirmək və husilərin hərbi imkanlarını məhdudlaşdırmaq üçün əlavə qüvvələr axtarması anlaşılandır”
Bu fikirləri “Səs’ qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər” qəzetinə açıqlamasında deyib. Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı üçün Yəmən məsələsi birbaşa milli təhlükəsizliklə bağlıdır. Husilərin hərbi imkanları, raket və pilotsuz uçuş aparatlarından istifadə potensialı, eləcə də Qırmızı dəniz və Babül-Məndəb boğazı ətrafında yaranan təhlükələr Ər-Riyadın strateji maraqlarına ciddi təsir göstərir. Bu baxımdan, Səudiyyə Ərəbistanının Yəmənin hökumət qüvvələrini gücləndirmək və husilərin hərbi imkanlarını məhdudlaşdırmaq üçün əlavə qüvvələr axtarması anlaşılandır.
Digər tərəfdən, Suriyanın belə bir əməliyyata qoşulması məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Əhməd əş-Şaraa rəhbərliyinin qarşısında ölkə daxilində sabitliyin möhkəmləndirilməsi, dövlət institutlarının bərpası və vahid hərbi idarəetmənin təmin olunması kimi mürəkkəb vəzifələr dayanır. Belə bir şəraitdə 10–20 min hərbçinin xaricə göndərilməsi ciddi siyasi, hərbi və logistik qərar olardı. Bu, Suriyanın öz təhlükəsizliyinə və daxili sabitliyinə təsirsiz ötüşməyə bilər.
“Hesab edirəm ki, Dəməşqin təklifə razılıq verməsi tamamilə istisna deyil. Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmləndirilməsi, maliyyə və iqtisadi dəstək imkanları, eləcə də Suriyanın regional siyasi sistemə yenidən inteqrasiyası belə bir qərarı təşviq edə bilər. Lakin razılıq veriləcəyi təqdirdə belə, bunun hansı formada həyata keçiriləcəyi əsas məsələdir. Suriya qüvvələrinin birbaşa döyüşlərdə iştirakı ilə məhdud sayda hərbi məsləhətçi, təlimçi və ya dəstək heyətinin göndərilməsi arasında ciddi fərq var.
ABŞ-ın bu təşəbbüsə prinsip etibarilə qarşı çıxmaması barədə məlumatlar da Vaşinqtonun regional təhlükəsizlik yükünü tərəfdaşlarla bölüşdürmək marağı baxımından diqqət çəkir. Bununla belə, ABŞ-ın mövqeyi və Suriyanın mümkün iştirakı ilə bağlı yekun qərarlar rəsmi təsdiq olmadan qəti fakt kimi təqdim edilməməlidir.
Düşünürəm ki, Suriyanın Yəməndə husilərə qarşı əməliyyata qoşulması ehtimalını istisna etmək olmaz, amma 10–20 min hərbçinin göndərilməsi barədə razılaşmanı indidən real və yekun qərar kimi qiymətləndirmək tezdir. Burada Dəməşqin hərbi imkanları, daxili təhlükəsizlik ehtiyacları, Səudiyyə Ərəbistanının verəcəyi təminatlar və əməliyyatın siyasi nəticələri həlledici olacaq. Əgər belə bir iştirak gerçəkləşərsə, bu, təkcə Yəməndəki hərbi vəziyyətə deyil, bütövlükdə Yaxın Şərqdə qüvvələr nisbətinə də təsir göstərə bilər,”- deyə B.Quliyev əlavə edib.
Akif NƏSİRLİ