Faiq Ələkbərli: “Mərkəzi Asiya ölkələri artıq bu məsələ ilə bağlı president formalaşdırıb və Azərbaycanda da vahid məktəbli formasına keçilməsi müsbət hal kimi qəbul olunmalıdır”
Məktəblərdə hicab və digər dini simvolların məhdudlaşdırılması, eləcə də vahid məktəbli forması qaydaları yalnız Azərbaycana məxsus deyil, Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) və Tacikistanda da bənzər şəkildə tətbiq olunur. Mərkəzi Asiya ölkələrinin (Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan) dövlət məktəblərində dünyəvilik prinsipinə əsasən vahid məktəbli forması qaydaları tətbiq edilir və dərslərdə hicab (baş örtüyü) taxılmasına icazə verilmir.
Qazaxıstan: Təhsil Nazirliyinin xüsusi əmrinə əsasən, dövlət məktəblərində vahid məktəbli forması tətbiq olunur və bu formaya hər hansı bir dinin elementlərinin (o cümlədən hicabın) əlavə edilməsi qadağandır. Qanunvericilik təhsilin dünyəvi xarakterini rəhbər tutur.
Özbəkistan: Ölkədə dünyəvilik prinsipləri çox ciddi qorunur. Məktəblərdə vahid forma tələbləri mövcuddur. Hətta bir müddət əvvəl ictimai yerlərdə dini geyimlərlə bağlı qanunvericilik daha da sərtləşdirilmiş, məktəb və universitetlərdə dünyəvi geyim qaydalarına riayət olunması tələbi qəti qoyulmuşdur.
Qırğızıstan: Digər Mərkəzi Asiya ölkələrinə nisbətən bu mövzu daha çox ictimai müzakirələrə səbəb olsa da, rəsmi olaraq məktəblər dünyəvi müəssisələr sayılır. Təhsil Nazirliyi şagirdlərin məktəbə vahid formada gəlməsini tələb edir və dini baş örtüklərinə icazə verilmir.
Türkmənistan: Bölgənin ən qapalı və ciddi nəzarət olunan ölkəsidir. Burada nəinki məktəblərdə, ümumiyyətlə gənclər və tələbələr arasında milli və dünyəvi geyim qaydalarına riayət olunması dövlət tərəfindən çox sərt şəkildə tənzimlənir.
Tacikistan: Tacikistan (türk mənşəli olmasa da, eyni region və oxşar sovet keçmişini paylaşır) bu məsələdə bəlkə də ən sərt addımlar atan ölkədir. Ölkədə qadınların və uşaqların yad elementlər daşıyan dini geyimlər (məsələn, satr və ya hicab) geyinməsinə qarşı qanunvericilik səviyyəsində rəsmi qadağalar və məhdudiyyətlər mövcuddur. Məktəblərdə yalnız rəsmi təsdiqlənmiş formalar geynilə bilər.
Qeyd edək ki, Qırğızıstanda 2015-ci, Qazaxıstanda 2016-cı, Özbəkistanda 2018-ci, Türkmənistanda isə 2019-cu ildən etibarən məcburi məktəbli forması və təhsilin dünyəvi xarakterini qoruyan hüquqi normalar qüvvədədir. Həmin ölkələrdə bu qaydalar təhsildə bərabərliyin təminatı kimi qəbul edilir. Yəni bizim yanaşmamız beynəlxalq təcrübə ilə də səsləşir. Yəni bu baxımdan, Azərbaycanın vahid məktəbli formasından istifadə etməklə bağlı qəbul etdiyi qərar tamamilə əsaslıdır və beynəlxalq təcrübəyə əsaslanır. Əgər başqa türk respublikaları bu addımı atıbsa və bu uğurlu təcrübədən yararlanıbsa, Azərbaycan nə üçün bu yolla getməsin.
AMEA Fəlsəfə və Sosiologiya İnstitunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Türküstandakı dövlətlər də şagirdlərin hicab bağlamasını rəsmi qərarla qadağan edib və onlar bu prosesə çoxdan başlayıb. F.Ələkbərli qeyd etdi ki, bu qərar müəllimlərə də aid edilib.
“Mərkəzi Asiya ölkələri artıq bu məsələ ilə bağlı president formalaşdırıb və Azərbaycanda da vahid məktəbli formasına keçilməsi müsbət hal kimi qəbul olunmalıdır. Yəni bizdən əvvəl digər türk-müsəlman ölkələr bu addımı atıblar və Azərbaycan da müstəqil dövlət olaraq belə bir qərar qəbul etməsi öz daxili işdir. Buna kənardan müdaxilələrin edilməsi qəbul edilən deyil. Yəni Azərbaycan bu addımı atan ilk türk-müsəlman dövləti deyil, bizə qədər də bu olub. Odur ki, məktəblərimizdə vahid məktəbli formasına keçidlə bağlı qərar zəruri addım kimi qəbul edilməli idi. Bu vacib qərardır və bu qərar heç də dinlə, dini geyimlə bağlı cəmiyyətə məhdudiyyət qoymur”.
Bununla belə, F.Ələkbərlinin fikrincə, bir sıra məsələlərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında vəziyyət fərqlidir. Azərbaycan türklərinin yalnız ölkədə deyil, eyni zamanda Gürcüstanda, Dağıstanda, indiki İran ərazisində kompakt şəkildə yaşadığını deyən F.Ələkbərli qeyd etdi ki, sözügedən Mərkəzi Asiya dövlətlərinin İran kimi qonşuları yoxdur. O, qeyd etdi ki, İran rejimi daim müxtəlif məsələlərdən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. “Türkistandakı türk dövlətləri də orta məktəbdə şagirdlərin hicab örtməsini qanunla qadağan ediblər. Əlbəttə, orada da zamanla bu məsələ ilə bağlı məyyən fikir ayrılıqları olub. Azərbaycanla o ölkələrin vəziyyəti heç də eyni deyil. Azərbaycanın həm regiondakı, həm dünyadakı mövqeyi fərqlidir. Yəni bunları hökmən nəzər almaq lazımdır. Bizim 10 milyon vətəndaşımız var, 40 milyonu yaxını indiki İranda, azərbaycanlıların bir qismi Gürcistan, Rusiya Federasiyasının Dağıstan müxtarətində və başqa ölkələrdə yaşayır.
Bunlar da ciddi amillərdir. Xüsusilə də Azərbaycan türklərinin çox hissəsinin İran İslam Respublikasında yaşaması çox ciddi amildir. Ölkə yardan çoxlunu təşkil etməsinə baxmayaraq, hüquqlarının göz ardı edilməsi, dilinə, mədəniyyətinə qarşı qadağalar qoyulması məsələləri var.
İran rejimi buna görə də bu və digər məsələlərdən, faktorlardan istifadə edib Azərbaycana təsir göstərmək istəyir. O cümlədən də hicab məsələsindən sui-istifadə edərək məsələni başqa yönə çəkmək istəyir. Yəni Azərbaycan orta məktəbdə şagirdlərin və müəllimlərin vahid formadan istifadəsi məsələsinə başqa cür don geydirmək niyyəti güdür. Bu da qəbuledilməzdir. Amma İran rejimi əlindən gələni edir ki, bizim vətəndaşlarımızı və Güney azərbaycanlıları tamam yanlış bir yönə yönəlsin. Güney azərbaycanların böyük əksəriyyəti mollar rejiminin mahiyyətini yaxşı bilir və əllərindən gələn qədər də ifşa etməyə çalışırlar. Ancaq Azərbaycan Respublikasında az sayda da olsa mollar rejiminin mahiyyətini bilməyənlər, yaxud da bilərəkdən bu rejimin siyasətinə xidmət edənlər var. Belələri də Azərbaycan dövlətçiyinə qarşı müəyyən təxribatçı addımlar atmaq istəyirlər. Ancaq Prezident İlham Əliyevin YAP-ın qurultayında dediyi kimi, biz belə ideoloji təxribatları bilirik, görmüşük və bunların qarşın almağa da yetərincə gücümüz var. Artıq Azərbaycan 90-cı illərin, ya da 2000-ci illərin Azərbaycanı deyil, Azərbaycan artıq İkinci Qarabağ müharibəsindən qalib çıxan, ümumiyyətlə, iqtisadi, siyasi bütövlük cəhətdən xeyri dərəcədə özünü təmin edən bir Azərbaycandır. Bu amillər bizi ideoloji cəhətdən daha ayıq-sayıq etməyə vadar edir. Məsələ təkcə dünyəvilik prinsiplərinə bağlı deyil, eyni zamanda bizim öz milli adət-ənənərimiz var və üç rəngli bayrağımızda da ilk növbədə bizim milli dəyərlərimiz əks olunub. Yəni bizim üçün ilk növbədə milli dəyərlər olmalıdır. Əlbəttə, çağdaşlıq və dini dəyərlər də var. Bizdə dini dəyərlərə əslində heç bir qadaqa yoxdur. Ancaq orta məktəbdə bu məsələlərə baxış fərqlidir. Ona görə də hesab edirəm ki, məsələyə müxtəlif yönlərdən yanaşmaq lazımdır.
Çox təəssüflər olsun ki, Türkiyədə də bəziləri yanlış anlayırlar. Hətta çox təəssüflər olsun ki, AKP hökumətini təmsil edənlərdən də bir neçəsi məsələnin mahiyyətini ya bilmirlər, yaxud da onlar da hansısa deyək ki, mənada xətalara yol verirlər. Azərbaycanın daxili işinə qarışmaq doğru deyil. Necə ki, Azərbaycan Türkiyənin daxili işlərinə qarışmır. Bu baxımdan oradakı ya bəzi partiya sədirlərinin, yaxud da bəzi AKP məmurlarının yanlış fikirləri qəbul edilməzdir”.
F.Ələkbərli qeyd etdi ki, bütün hallarda Türkiyə və Azərbaycan olaraq ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət fəlsəfəsini mənimsəmişik.
O, hesab edir ki, zamanla bu məsələ də öz həllini tapacaq və Azərbaycanın haqlı mövqeyini qəbul etmək istəməyənlər də onu qəbul edəcək.
İradə SARIYEVA