Məhəmməd Əsədullazadə: “AKP-nin daxilində müəyyən dini cərəyanların nümayəndələri var və onlar Azərbaycana qarşı...”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəsmilərinin və bəzi media dairələrinin Azərbaycandakı hicab məsələsinə reaksiyası təəssüf doğurur. Son günlər Azərbaycanda məktəbli formaları ilə bağlı qəbul edilən yeni dünyəvilik qaydalarının tətbiqindən sonra yaranan müzakirələrə Türkiyə rəsmilərinin müdaxiləsi qəbul edilən deyil.
Türkiyə prezidentinin baş müşaviri Oktay Saral sosial şəbəkə hesabında Azərbaycandakı məktəblərdə hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını tənqid edib. O, bunu "ədalətsizlik" adlandırıb və Azərbaycanın bu qərardan "bir an əvvəl dönməsini" gözlədiklərini bildirib.
Halbuki, Türkiyədə AKP rəsmiləri əvvəllər Azərbaycanda hicabla bağlı belə aqressiv davranmırdılar. İndi nə olub?Niyə belə aqressivləşiblər?
Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Türkiyədə Azərbaycana həmişə normal, müsbət münasibət var və biz qardaş ölkəyik, qardaş xalqıq. “AKP-nin daxilində müəyyən dini cərəyanların nümayəndələri var və onlar Azərbaycana qarşı bu kimi xoşagəlməz fikirlər səsləndirir. Bunlar qəbul olunmazdır. Azərbaycan müstəqil dövlətdir, öz müstəqil gündəliyi var.
Türkiyə çox milyonluq ölkə olduğundan orada dini təriqətlər, dini cərəyanlar geniş yayılıb, onların da öz baxış bucağı var. Bu müstəvidə Azərbaycandakı orta məktəblərlə bağlı qəbuledilməz fikirlər səsləndirirlər”.
M.Əsədullazadə hesab edir ki, bu məsələdə diqqətli olmaq lazımdır, xüsusilə də rəsmilər. “Azərbaycan Türkiyə münasibətlərini korlamaq istəyən şəxslər Azərbaycanda da, Türkiyədə də var, bunlara imkan verilməməlidir. Türkiyə Azərbaycan qardaşlığı sarsılmazdır, bu xalqların qardaşlığıdır”.
M.Əsədullazadənin sözlərinə görə, bəzi təriqətçi AKP üzvlərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlərdən aslı olmayaraq iki ölkə arasında qardaşlıq əbədi qalacaq.
İradə SARIYEVA