Şakir Ağayev: “Onlar Ermənistan vətəndaşlığını qəbul etməklə təsdiqləyirlər ki, artıq Qarabağa qayıtmaq niyyətində deyillər”
Ermənistan daxili işlər nazirnin müavini Armen Kazaryan keçirdiyi brifinqdə bildirib ki, Qarabağdan köçmüş 45 098 nəfər artıq Ermənistan vətəndaşlığını qəbul edib. Kazaryan deyib ki, 53 mindən çox insan Ermənistan vətəndaşlığı üçün müraciət edib ki, onlardan 45 mindən çoxu artıq vətəndaşlıq alıb. Kazaryan qeyd edib ki, parlamentdə Qarabağdan köçüb getmiş şəxslərin məsələləri ilə bağlı keçirilən müzakirədə Ermənistan vətəndaşlığının alınması prosedurları müzakirə olunub.
Nazir müavininin sözlərinə görə, nazirlik inzibati prosedurların sadələşdirilməsi üzərində işləyir.
“Müzakirə zamanı xüsusilə doğum haqqında şəhadətnamələr də daxil olmaqla, zəruri sənədlərin olmaması məsələsi qaldırılıb. Doğum haqqında şəhadətnamə olmadan vətəndaşlıq müraciətlərinə baxıla bilməz. Bu, vətəndaşlıq qanunvericiliyimizdə nəzərdə tutulan məntiqi mexanizmdir. Buna görə də biz bu məsələni müzakirə edirik və həll yolları axtarırıq", - Kazaryan bildirib.
Nazir müavininin sözlərinə görə, doğumun təsdiqlənməsi üçün notariat proseduru artıq tətbiq olunur. Bu, məhkəmə prosesindən daha sadələşdirilmiş mexanizmdir.
Bundan əlavə, Ədliyyə Nazirliyi rüsumlardan azadolmaları nəzərdə tutan qanunvericilik dəyişiklikləri təşəbbüsü ilə çıxış edib.
“Bizdə insanların notariusla əlaqə saxlayaraq doğumlarının təsdiqlənməsi halları var", - deyə Kazaryan qeyd edərək vətəndaşları bu seçim barədə məlumatlandırmağın vacibliyini vurğulayıb.
Kazaryan həmçinin vətəndaşlıq müraciətlərinə baxılma müddətini də aydınlaşdırıb. Onun sözlərinə görə, bu müddət inzibati icraatın başlanmasından etibarən 90 iş günündən çox ola bilməz.
Nazir müavini əlavə edib: "Bu müddətlərin yerinə yetirilməsində gecikmələr varsa, sizi əmin edə bilərəm ki, onlar tək-təkdir."
O, zəruri sənədlərin toplanması inzibati icraatın başlanğıcı hesab edilmədiyini aydınlaşdırıb. 90 günlük müddət ərizə təqdim edildikdən və müvafiq inzibati prosedur başlandıqdan sonra başlayır.
Kazaryanın sözlərinə görə, təklif olunan həllər əvvəlki mərhələni - sənədlərin toplanması və zəruri hüquqi faktların müəyyən edilməsini sadələşdirmək məqsədi daşıyır.
İddia olunub ki, Qarabağdan guya 115 mindən çox erməni Ermənistana köçüb.
“115 min” ermənin də 45 min nəfəri artıq vətəndaşlığını alıb. İndiyə qədər səsləndirilən rəqəmlərə görə, təxminən 30-40 min nəfər Ermənistandan köçüb başqa ölkərə gedib. Əgər məsələyə onların təqdim etdiyi rəqəmlərlə yanaşsaq belə çıxır ki, heç 15 min nəfər də olsun vətəndaşlıq almayan Qarabağdan köçüb gedən erməni qalmayıb. Bütün bunlar onun göstəricisi deyilmi ki, bu insanların özləri artıq Qarabağa dönmək fikrində deyillər? Bu o demək deyilmi ki, Qarabağda ermənilərin yaşaması məsələsi artıq bitib və Ermənistanın, ermənilərin özünün qərarı ilə bu məsələ artıq bitib? Azərbaycan onları sona qədər vətəndaş kimi qəbul etməyə hazır olduğunu bəyan etdi, amma özləri könüllü köçüb getdilər. Bir hissəsi vətəndaşlıq alıb, bir hissəsi gözləyir, bir hissəsi isə başqa ölkəyə köçüb gedib...
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev baki-xeber.com-a bildirdi ki, birincisi, ermənilərin təqdim etdiyi 115 min rəqəminin özü səhvdir, Sovet dövründən qalma rəqəmdir. “Ümumiyyətlə, keçmiş Dağlıq Qarabağda, indiki Qarabağ İqtisadi Zonasında 120 min əhali yaşayıb. Onların içində azərbaycanlılar da olub. Orada heç vaxt 120 min erməni olmayıb. Yəni şişirdilmiş rəqəmdir. Bunu qəsdən o vaxt şişirtdilər ki, erməni əhalisi guya Qarabağda çoxdur. Orta hesabla haradasa orada 30-40 min erməni ya olardı, ya olmazdı, ondan artıq olmazdı. Bu ənənəvi erməni yalanı, erməni dezinformasiyası idi ki, o vaxt o rəqəmi qəsdən ortaya atdılar ki, Azərbaycana qarşı beynəlxalq aləmdə səs-küy yaratsınlar, Azərbaycanı qınaq obyektinə çevirsinlər və s.
Təbii ki, bunlar alınmayanda artıq bu cür danışırlar. Ermənilər daim dezinformasiya yaymaqla, yalan məlumatlarla məşğul olublar. Azərbaycanı tərk edən ermənilərin sayında da bu üsuldan istifadə edinblər. Bəli, Azərbaycanın təşəbbüsü ilə hətta antiterror əməliyyatından qabaq (44 günlük müharibədən sonra) o vaxtki separatçı qurumun bir neçə “lideri” ilə görüşlər keçirildi və Azərbaycan onlara təklif etdi ki, Azərbaycan qanunlarına, konstitusiyasına tabe olmaqla yaşaya bilərlər. Azərbaycan çoxmillətli ölkədir, müxtəlif etno qruplar yaşayır, hamının da bütün hüquqlarla təmin olunub və o insanlar Azərbaycanda normal yaşayıb fəaliyyət göstərirlər. Azərbaycanın dövləti imkan yaradıb və bütün hüquqlardan istifadə edirlər və vəzifələrini həyata keçirirlər. Çox təəssüflər olsun ki, ermənilər bunu etmədi və özləri könüllü çıxıb getdilər. İndi də Ermənkistan vətəndaşlığını qəbul edirlər. Şübhəsiz ki, Qarabağdan köçüb getmiş ermənilərin artıq geri dönmək yolu qalmayıb. Paşinyan özü də bunu artıq dəfələrlə qeyd edib. Düşünürəm ki, o səhifə bağlanıb və onların geri dönmək məsələsi artıq bitib. Onlar Ermənistan vətəndaşlığını qəbul etməklə təsdiqləyirlər ki, artıq Qarabağa qayıtmaq niyyətində deyillər. geri dönməməklə bağlı məqsədlərini ortaya qoyublar. Ermənistan vətəndaşı oldular və başqa ölkənin vətəndaşlığı ilə yenidən Azərbaycana qayıdıb yaşamaları hüquqi cəhətdən də mümkün deyil. Düşünürəm artıq bu məsələyə son qoyulub”.
Ş.Ağayev vurğuladı ki, bu məsələyə son qoyulması bəlkə də iki ölkə arasında münasibətlərə daha yaxşı təsir göstərər.
İradə SARIYEVA