Fikrət Yusifov: “İki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri energetikadır”
Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında bildirib ki, bugünkü ticarət dövriyyəmiz bizim nə potensialımızı, nə də niyyətimizi əks etdirir:
“Siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik”.
Maraqlıdır, Azərbaycanla Laos iqtisadiyyatın hansı sahələrində geniş əməkdaşlıq qura bilərlər? Bununla bağlı nə kimi potensial var?
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Prezident İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə görüşündə iki ölkə arasında mövcud ticarət dövriyyəsinin real potensialı əks etdirmədiyini bildirməsi təsadüfi deyil. Azərbaycanla Laos arasında siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. İndi əsas vəzifə bu münasibətləri konkret iqtisadi layihələrə və qarşılıqlı investisiyalara çevirməkdir. Hesab edirəm ki, iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri energetikadır. Laos zəngin hidroenerji ehtiyatlarına malikdir və Cənub-Şərqi Asiyada elektrik enerjisi ixracatçılarından biridir. Azərbaycan şirkətləri bu ölkədə enerji infrastrukturu, elektrik şəbəkələrinin modernləşdirilməsi və bərpaolunan enerji layihələrində iştirak edə bilərlər.
Digər mühüm istiqamət dağ-mədən sənayesidir. Laosun mis, qızıl və digər faydalı qazıntı ehtiyatları bu sahəyə investisiya yatırılması üçün imkanlar açır. Kənd təsərrüfatında isə Azərbaycan gübrə, aqrar texnologiyalar və emal sahəsində əməkdaşlıq təklif edə, Laosdan tropik kənd təsərrüfatı məhsullarının idxalını genişləndirə bilər. Nəqliyyat-logistika sahəsində də müəyyən perspektivlər mövcuddur. Laosun Çinlə dəmir yolu əlaqələri və Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi gələcəkdə Asiya ilə Avropa arasında yeni ticarət əlaqələrinin qurulmasına xidmət edə bilər. Prezident İlham Əliyevin Laos tərəfindən təqdim olunacaq konkret investisiya layihələrinə maraq göstəriləcəyini bildirməsi mühüm mesajdır. Azərbaycan üçün Laos yalnız ikitərəfli ticarət tərəfdaşı deyil, həm də Cənub-Şərqi Asiyanın geniş bazarlarına çıxış imkanlarından biri ola bilər. Əsas məqsəd siyasi münasibətlərin yüksək səviyyəsini real iqtisadi nəticələrə çevirmək, qarşılıqlı ticarəti artırmaq və hər iki ölkənin maraqlarına cavab verən uzunmüddətli investisiya əməkdaşlığı qurmaq olmalıdır”.
Vidadi ORDAHALLI