Məhərrəm Zülfüqarlı: “Orjinal nüsxələrin gətirilməsi mümkün olsa da, bu çətin prosesdir, beynəlxalq təcrübəyə istinad etmək lazımdır”
Torpaqlarımız Ermənistanın işğalı altında olduğu illərdə ermənilər Azərbaycanın tarixi, maddi-mədəni irsini talan edib, yerli muzeylərin bütün eksponatlarını, ailələrə məxsus xatirə əşyalarını, qiymətli xalçaları və sairi daşıyaraq İrəvana aparıblar, hətta onların əksəriyyətini “erməni irsi” kimi qələmə verərək sərgiləyiblər, bu azmış kimi xarici auksionlarda da satışa çıxarıblar. Ermənilərin tarixi irsimizi talaması bununla bitmir, hələ Sovet dövründən, bəlkə də ondan əvvəlki çağlardan başlayaraq Azərbaycan tarixinə, mədəniyyətinə aid qiymətli əlyazmaları yağmalayıb Matendarana-Mesrop Maştoç adına Qədim Əlyazmalar İnstitutuna toplayıblar. Sözsüz ki, bu prosesdə erməni Qriqoryan kilsəsi xüsusi canfəşanlıq göstərib. Xüsusən də Qafqaz, yaxud Azərbaycan Albaniyasına aid tarixi əlyazmaları mənimsəmək, onların üzünü köçürüb saxtalaşdırmaq, bəzilərini məhv etmək, bəzilərini isə saxlamaq sahəsində kilsə dayanmadan çalışıb.
İndiyə qədər bu yöndə bir sıra araşdırmalar təqdim etmişik, amma mövzu aktual olduğundan yenidən bu mövzuya qayıdırıq. Fakt budur ki, yalnız xalçalarımız və digər maddi mədəniyyət, irs sərvətimiz qarət olunub Ermənistana aparılmayıb, Matendaranda Azərbaycan irsinə aid çoxlu əlyazmalar da saxlanılır ki, burada Qafqaz Albaniyası və digər dövrlər əhatə olunub.
Bunlara isə Azərbaycan alimlərinin əli çatmır. Bu əlyazmaların Azərbaycana qaytarılması, yaxud gələcəkdə orada işləmək üçün alimlərimizə şərait yaradılması məsələsi də çox aktualdır. Çünki tariximizin qızıl dövrünə ayna tutan o əlyazmalar, qıpçaq irsinə aid yazılar və sair erməni əsirliyindədir.
Matendaranda Azərbaycan əlyazmarı çoxdur.
Araşdırmalarımıza görə, İrəvanda yerləşən Matenadaran əlyazmalar institutunda Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və qədim dövlətçilik irsi ilə bağlı çox sayda qiymətli əlyazma və arxiv sənədləri saxlanılır. Bu materiallar əsasən ərəb, fars, qədim alban və müxtəlif türk dillərində yazılmış nüsxələrdir.
Matenadaran fondunda Azərbaycan irsinə aid aşkar edilmiş əsas əlyazma qrupları aşağıdakılardır:
1. Azərbaycan dilində tapılmış əlyazmalar fondun fars əlyazmaları bölməsində Azərbaycan dilində yazılmış nadir ədəbi nümunələr qeydə alınıb. 1940-cı ildə aparılan araşdırmalar zamanı burada payız (bayaz) adlanan dağınıq şeir toplularının içərisindən Azərbaycan dilində cəmi 12 sətirlik Nizami qəzəli aşkar edilib. Şeirin başlıq hissəsində "Nizami qəzəli" yazılmış, son misrasında isə müəllifin ənənəvi müraciəti yer almışdır.
Alimlərimizin araşdırmalarına görə, 1940-cı ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş № 43 fars əlyazmaları bölməsində Nizami Gəncəviyə məxsus əsərləri aşkar edir:
- "Xəmsə", fars dilində, 1560-cı ildə Persiyada köçürücü Əbdül Əli Seyfi İbni Əbdüllax tərəfindən köçürülüb (Fars əlyazmaları № 43).
- "Yeddi gözəl", fars dilində, 1700-cü ildə köçürülüb. Köçürücü naməlumdur (Fars əlyazmaları № 57).
- "Nizami qəzəli", Azərbaycan dilində, cəmi 12 sətir. Bu qəzəl Matenadaran direktoru tərəfindən 1940-cı ildə toplanaraq cildlənmiş bayazın dağılmış dəftər vərəqərindən ibarət olan topludadır. Şeirin başlığında "Nizami qəzəli" yazılıb, axırıncı sətrində isə şairin özünə adəti üzrə müraciəti gəlir: "Ey Nizami, o xal ki, gözəlin dodaqlarındadır" və s.
Bu sənəd üzə çıxan kimi şərq üzrə mütəxəssis olan erməni alimləri Acaryan, Şaxnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu incələməyə çalışmışlar. İki əsərin fars və qəzəlin azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən olaraq məlumat verir ki, muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu azərbaycan türkcəsində yazılıb.
Bu barədə dr.Zaur Əliyev yazıb.
Qeyd edək ki, bununla yanaşı, Şah İsmayıl Xətainin (Səfəvi) və digər klassik türk şairlərinin Azərbaycan türkcəsində yazdığı şeirlərə də rast gəlinir.
2. Azərbaycan klassiklərinin əsərləri (fars dilində)
Matenadaranda dahi Azərbaycan şairlərinin əsərlərinin orta əsrlərə aid nadir xəttatlıq nüsxələri qorunur:
Nizami Gəncəvinin "Xəmsə"si: 1560-cı ildə xəttat Əbdül Əli Seyfi İbni Əbdüllah tərəfindən köçürülmüş variantı (fars əlyazmaları № 43).
"Yeddi Gözəl" poeması: 1700-cü ildə köçürülmüş, müəllifi naməlum olan nüsxə (Fars əlyazmaları № 57).
3. Qədim alban əlifbası və əlyazmaları
Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyasının xristianlıq dövrünə aid irsi uzun müddət erməniləşdirilməyə məruz qalsa da, Matenadaran arxivində 52 hərfdən ibarət qədim Alban əlifbasının və əlyazma nümunələrinin olduğu məlumdur. Bu əlifba ilk dəfə dilçilik elmində İvane Cavaxişvili, İliya Abuladze və Akaki Şanidze kimi alimlər tərəfindən məhz bu fonddakı sənədlər əsasında aşkar edilib öyrənilmişdir. Həmçinin fondda alban-qıpçaq dilində yazılmış dini-tarixi mətnlər də mövcuddur.
4. Tarixi fərmanlar və İrəvan xanlığına aid sənədlər
Matenadaranın arxiv şöbəsində Səfəvi, Əfşar, Qacar şahlarının və yerli Azərbaycan xanlarının (xüsusilə İrəvan xanlığının) dövrünə aid rəsmi sənədlər, torpaq alqı-satqı müqavilələri, fərmanlar və məktublar saxlanılır. Bu sənədlər bölgənin əzəli etnik tərkibini, o cümlədən Azərbaycan türklərinə məxsus mülklərin və torpaqların vaxtilə hansı yollarla (satınalma, müsadirə, köçürmə və s.) ələ keçirildiyini hüquqi cəhətdən sübut edən mühüm arxiv materiallarıdır.
Matenadaranda saxlanılan türkdilli və Azərbaycan tarixinə birbaşa aid olan bir çox əlyazmalar hələ də müstəqil Azərbaycan alimləri tərəfindən tam, obyektiv şəkildə araşdırılmamış və tədqiqatdan kənarda qalmışdır.
Qafqaz Albaniyasının tarixinə və alban əlifbasına aid qədim sənədlər, eləcə də müxtəlif türk-qıpçaq abidələrinin izləri olduğu qeyd edilir. Bu irsin bir qisminin tarixi Zəngəzur və Qarabağ bölgələrindəki monastırlardan daşındığı bildirilir.
Azərbaycan tədqiqatçıları bu arxivlərdəki türk dilində və Azərbaycan tarixinə aid yaziların tam şəkildə öyrənilmədiyini və ya qorunduğu mühitdə təhrif olunduğunu vurğulayırlar.
Təqdim etdiklərimiz bəlkə də orada olan əlyazmalarımızın kiçik bir hissəsidir. Onu da vurğulayaq ki, hələ Sovet dövründə Azərbaycanın bəzi tarixçi alimləri Matendaranda tədqiqat aparmağa cəhdlər göstərsə də, onlara icazə verilməyib. Bir məlumata görə, hətta qeyri-erməniləri və erməniçiliyə xidmət etməyənləri ümumiyyətlə Matendarana buraxmırlar. Bundan belə qənaətə gəlmək olar ki, ermənilər Azərbaycana aid əlyazmaların saxtalaşdırmaya məruz qoyduqlarını başqalarının görməsini istəmirlər.
Qərbi Azərbaycanda yerləşən bütün alban monastr və kilsələrində saxlanılan irsimizi də öz adlarına çıxıb çoxdan saxtalaşdırıblar.
Azərbaycan tarixçiləri hesab edir ki, Matendaranda yatan sirrləri öyrənməyin vaxtı çoxdan gəlib çatıb və nə vaxtda bizim alimlərin orada işləməsi üçün şərait yaradılmalıdır. Alimlər onu da deyirlər ki, Sovet dövründə bəzi erməni alimləri Bakı muzey və arxivlərindən qədim əlyazmaları da Ermənistana daşımağa cəhdlər ediblər, hətta buna nail olublar da.
Yeri gəlmişkən, belə alimlərin bəzilərini o dövrdə Mircəfər Bağırovun Bakıdan qovduğu barədə də söyləntilər var.
Mircəfər Bağırovun erməni alimini Bakıdan qovması ilə bağlı yayılmış tarixi fakt və geniş bilinən hadisə, məşhur erməni şərqşünası, dilçisi və akademik Hraçya Açaryan (və ya digər variantlarda erməni tarixçiləri) ilə bağlıdır.
Bu mövzuda tarixi qaynaqlarda və xatirələrdə əks olunan əsas faktlar var.
Sovet dövründə Bakı Dövlət Universitetində və Elmlər Akademiyasının institutlarında işləyən və ya Bakıya ezamiyyətə gələn bəzi erməni alimləri Azərbaycan tarixinə, mədəniyyətinə və torpaqlarına dair saxta iddialar irəli sürməyə cəhd edirdilər. Xüsusilə Azərbaycanın qədim tarixini, Nizami Gəncəvini və tarixi abidələri erməniləşdirmək istəyən bəzi şəxslər Mircəfər Bağırovun sərt təpkisi ilə üzləşirdi.
Şifahi və yazılı xatirələrə görə, Mircəfər Bağırov Bakıda keçirilən elmi konfransların və ya müzakirələrin birində Azərbaycan əleyhinə saxtakarlıq edən, provokasion fikirlər səsləndirən erməni alimini (bəzi mənbələrdə bu şəxsin İrəvandan gələn nümayəndə heyətinin rəhbəri olduğu qeyd edilir) dərhal zaldan çıxartmış və ona Bakını tərk etmək üçün 24 saat vaxt vermişdir.
Bağırov 1930-50-ci illərdə repressiyalara rəhbərlik etsə də, Azərbaycanın ərazi bütövlüyü və elmi irsi mövzusunda Moskvaya və erməni rəhbərliyinə qarşı olduqca güzəştsiz mövqe nümayiş etdirirdi. Məsələn, 1945-ci ildə Ermənistan KP-nin Dağlıq Qarabağı Ermənistana birləşdirmək barədə Moskva qarşısında qaldırdığı vəsatətə Bağırov elə bir cavab məktubu yazmışdı ki, ermənilər bu iddiadan geri çəkilməyə məcbur olmuşdular.
O, həmçinin Üzeyir Hacıbəyov, Səməd Vurğun və digər görkəmli Azərbaycan ziyalılarını erməni rəhbərliyinin və DTK (NKVD) daxilindəki erməni müstəntiqlərin qurmalarından və donoslarından şəxsən qorumuşdur.
Bağırovun məhkəməsi zamanı da onun "erməni millətçiliyinə qarşı həddən artıq amansız olması" və erməni kadrları Bakıdakı rəhbər vəzifələrdən sıxışdırıb çıxarması ittiham tərəfi tərəfindən gizli şəkildə qabardılmışdı.
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Azərbaycan əlyazmalarının Matendaranda saxlanılması faktı ermənilərin bəd niyyətinin göstəricisidir.
“Bu çox aktual məsələdir. Mən özüm Sovet dövründə, 1984-cü ildə tələbə inşaat dəstələri komandirlərinin Zaqafqaziya konfransında iştirak etmək üçün İrəvanda olmuşdum. O vaxt bizi Matendarana da aparmışdılar. Yəni Sovet dövründə biz gedib oranı görmüşdük. Oradakı vəziyyəti, saxtakarlıqları öz gözlərimizlə görüb fikirlərimizi də çatdırmışdıq. Əvvəla onu deyim ki, Sovet dövründə ateist təbliğatı aparıldığı bir vaxtda ( kommunist ideologiyası allahsız bir ideologiya idi-M.Z) ermənilər öz təbliğatlarını aparırdılar.
Biz o zaman gördük. Erməni Qriqoryan kilsəsinin mərkəzi olan Eçimədzində də (Üç kilsə) ayrıca seminariya var idi, erməni gənclərinə orada dini təlim verirdilər, onları dini rəhbər kimi hazırlayaraq dünyanın müxtəlif ölkələrinə göndərirdilər. Amma digər respublikalarda buna imkan verilmirdi. Qaldı, Matendaranda nümayiş olunan eksponatlara, bəli, orada çoxlu sayda Azərbaycanın daha qədim, orta əsrlər və yeni dövrünə aid eksponatlar, əlyazmalar var. Hətta bir faktı sizə deyim. Məsələn, Qaraqoyunlu Cahan şahın Azərbaycan dilində şeirlər külliyyatı var ki, onun əsli indi Matendarandadır. Yəni vaxtilə Cahan şahın əli ilə yazılmış nüsxədən söhbət gedir. Sovet dövründə bizim alimlər o əlyazmanın surətini çıxarmışdılar”.
M.Zülfüqarlı qeyd etdi ki, Azərbaycan irsinə aid olan əlyazmalar təkcə Matendaranda deyil, Rusiyanın da muzeylərində var, Türkmənçay müqaviləsindən sonra çoxlu sayda eksponatlar, əlyazmalar Rusiyaya aparılıb və Ermitajda saxlanılmaqdadır. “Yəni Azərbaycanın maddi mədəni irsinin bir çoxu da orada saxlanılır. Hətta Avropa ölkələrinin muzeylərində də bizim irs nümunələrimiz var. Nadir şahın Hindistandan gətirdiyi üç nadir almazın biri Rusiyada, biri Londonda, biri isə Tehrandadır. Yəni Azərbaycana gələn işğalçılar bu məsələdən tarix boyu istifadə ediblər.
Ermənilər də bilavasitə rus işğalçılarının əlaltıları olduqları üçün Azərbaycanın tarixi sərvətlərini İrəvana daşıyıblar və onlar indi Matendaranda saxlanılır. Qarət olunub Matendarana aparılan əlyazmalarımızın geri qaytarılması çox çətindir. Çünki dediyim kimi, digər muzeylərdən də bu nümunələri qayarmaq məsələsi çətinliklə üzləşib. Amma bunun beynəlxalq təcrübədə müsbət həlli var.
Məsələn, Gəncə darvazasın bir tayı hələ də Gürcüstanda saxlanılır. Yəni Kutaisidəki Helat monastrının təmiri zamanı o qapı monastrın damına qoyulub. Elə qiymətli metaldan olmayan darvazadır, amma tarixi qiyməti çox böyükdür. Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft kəmərindən və digər layihələrdən tranzit haqqı alır, xeyir götürür, bizə dost ölkə olsa da hələ də Gəncə qapısının bir tayını bizə vermir.
Ona görə də, bu məsələ ciddi müzakirə olunmalıdır, dövlətlər arası münasibətlərdə qarşılıqlı güzəştlərlə həll olunmalıdır.
Matendarana gəlincə, Azərbaycanla Ermənistan arasında hələ sülh müqaviləi imzalanmayıb. Gələcəkdə münasibətlər normallaşarsa bu məsələni müzakirə edib ən azı orada saxlanılan əlyazmaların surətlərini çıxarıb Azərbaycana gətirilməsi, muzeylərimizdə nümayişi mümkündür. Amma bilavasitə orjinal nüsxələrin gətirilməsi mümkün olsa da, bu çətin prosesdir, beynəlxalq təcrübəyə istinad etmək lazımdır. Bu geniş iki tərəfin birgə fəaliyyəti nəticəsində həll oluna bilər”-deyə M.Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA