Əli Mustafa: “Dövlətimiz qələbədən sonra sülh təşəbbüsü ilə çıxış etməklə uğurlu və uzaqgörən siyasi gediş etdi”
Vətən müharibəsinin hər günü qəhrəman ordumuz tarix yazdı, 30 ilə yaxın düşmən işğalı altında qalan, yerlə-yeksan edilən kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi, rayonlarımızı bir-bir düşmən tapdağından azad etdi.
Hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini azad etdi. Azərbaycanın hərb meydanında qələbəsiErmənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
İkinci Qarabağ müharibəsində Azərbaycan qalib dövlət olmasına baxmayaraq sülhün əldə edilməsində də aktiv oldu. Adətən qalib dövlətlər belə hallarda sülhə xüsusi önəm vermirlər. Ancaq müharibədən sonra sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. Sülh müqaviləsinin mətni faktiki Azərbaycanda yazılıb. Bununla Azərbaycan həm hərb meydanında, həm sülhdə qalib tərəf oldu.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi 2023-cü ildə Qarabağda suverenliyimizin tam bərqərar edilməsi ilə nəticələndi: “Daha sonra Rusiya hərbçiləri ərazimizdən çıxarıldı. Hesab edirəm bu, tarixi hadisədir. Azərbaycanın hərbi qələbədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi uğurlu siyasi gediş və düzgün strategiya idi. Bəzən elə olur ki, sahədə əldə edilən qələbəni siyasi masada əldə saxlamaq mümkün olmur. 1994-cü ildə atəşkəs əldə ediləndə Ermənistan hesab edirdi ki, sonsuza qədər Azərbaycan əraziləri onların işğalı altında qalacaq. O dərəcədə arxayın idilər. Ancaq məlum olduğu kimi, bunun tam əksi baş verdi. Ən azından ona görə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi və dünya Ermənistanın işğalını rəsmən tanımadı. Baxmayaraq ki, pərdə arxasında Ermənistanı himayə edən böyük güclər var idi. Ona görə də Azərbaycan qələbədən sonra sülh təşəbbüsü ilə çıxış etməklə uğurlu və uzaqgörən siyasi gediş etdi. Bütün bunlarla yanaşı, istənilən halda arxayınlaşmaq olmaz. Qarabağ Zəfərini möhkəmləndirmək lazımdır. Siyasi və beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Üstəlik, bu gün Ermənistanla savaşmaq deyil, anlaşmaq, uzlaşmaq və bölgənin lideri olmaq daha vacibdir. Regionun strateji planlarında, gələcəyi ilə bağlı məsələlərdə doğru konturlar müəyyənləşdirmək lazımdır. O üzdən, sülhün təşəbbüskarı, müəllifi olmaq doğru strategiyadır. Bu, ümumilikdə beynəlxalq münasibətlərdəki mövqeyimizə də müsbət təsir etdi. Bir sıra dövlətlər anladı ki, yaranmış vəziyyətdə Azərbaycan daha ciddi addımlar ata bilər. Hətta Ermənistanın müəyyən ərazilərini götürə bilər, amma bunu etmədi. Sülhün gəlməsini seçdi. Çünki regionda sülhün olması bölgəyə böyük güclərin müdaxiləsini əngəlləyir. Daha ciddi problemlərin yaranmasını önləyir. Məsələnin həm də bu tərəfi var”.
Vidadi ORDAHALLI