Qarabağ Zəfəri Azərbaycanı dünyada “orta gücə” çevirdi. Hər şeyi kökündən dəyişərək yeni reallıq yaratdı. Halbuki, Azərbaycan müharibədən qabaq minimum güclərin arasında sonuncu idi. İmkanları çox məhdud idi, reallıqlar fərqli idi.
İndi isə dünyada “orta güc” olmuşuq. Maraqlıdır, necə oldu bu? Orta güc nədir?
Bəhruz Quliyev: “Orta güc o deməkdir ki, dövlət regional və beynəlxalq proseslərə təsir göstərmək imkanına malikdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev hesab edir ki, dünya siyasətində dövlətlərin gücü təkcə ərazisinin böyüklüyü, əhalisinin sayı və iqtisadi göstəriciləri ilə ölçülmür: “Bu gün əsas meyarlardan biri dövlətin beynəlxalq proseslərə təsir etmək, öz milli maraqlarını müdafiə etmək və müstəqil siyasi qərarlar qəbul etmək qabiliyyətidir. Məhz bu baxımdan Azərbaycanın son illərdə keçdiyi tarixi yol xüsusi əhəmiyyət daşıyır. Bir müddət əvvəl Azərbaycan beynəlxalq münasibətlər sistemində imkanları məhdud olan kiçik dövlətlər sırasında qiymətləndirilirdisə, bu gün ölkəmiz haqqında artıq orta güc statusu kontekstində danışılır. Bəs, bu dəyişiklik necə baş verdi? Hesab edirəm ki, bu transformasiyanın başlıca siyasi və geosiyasi səbəbi Qarabağ Zəfəridir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkəmizin hərbi-siyasi gücünü, dövlət iradəsini və müstəqil qərarvermə qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 2023-cü ildə suverenliyimizin tam bərpası isə bu yeni reallığı möhkəmləndirdi. Orta güc o deməkdir ki, dövlət dünya siyasətində supergüc olmasa da, regional və beynəlxalq proseslərə təsir göstərmək imkanına malikdir. Yəni başqalarının qərarlarını gözləyən deyil, öz maraqlarını ortaya qoyan, təşəbbüslərlə çıxış edən, beynəlxalq tərəfdaşlıqlarda söz sahibi olan ölkədir”.
Politoloq onu da qeyd etdi ki, bu gün Azərbaycan məhz belə imkanlarını genişləndirir: “Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır, Şərqlə Qərb, Şimalla Cənub arasında strateji nəqliyyat-kommunikasiya qovşağıdır. Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərində öz mövqeyini ortaya qoyur. Əlbəttə, bu yüksəliş bir gündə baş verməyib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl xarici siyasət, enerji diplomatiyası, iqtisadi və hərbi potensialın gücləndirilməsi bu nəticənin təməlini yaradıb. Qarabağ Zəfəri isə həmin potensialın real siyasi gücə çevrilməsini sürətləndirib. Amma bir məqamı da unutmamalıyıq ki, orta güc statusu yalnız hərbi qələbə ilə qorunub saxlanıla bilməz. Bunun üçün güclü iqtisadiyyat, müasir texnologiyalar, elm, sənaye, müdafiə potensialı və çevik diplomatiya lazımdır. Beləliklə, Qarabağ Zəfəri Azərbaycanın beynəlxalq mövqeyində keyfiyyətcə yeni mərhələ açdı. Dünən öz ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan Azərbaycan bu gün regional və beynəlxalq gündəliyin formalaşmasında iştirak edən dövlətə çevrilir. Ən başlıcası isə budur ki, Azərbaycan artıq yalnız hadisələrin iştirakçısı deyil, regionda yeni reallıqların formalaşdırılmasında söz sahibi olan dövlətdir”.
Vidadi ORDAHALLI