Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etdikdən sonra daha da irəli gedə, öz tarixi torpaqlarının içinə kimi daxil olaraq daha böyük nəticələrə yetişə bilərdi. Ancaq bunu etmədi, sülh yolunu tutdu. Halbuki, edə bilərdi və dünyada bütün dövlətlər olmasa da, xeyli insanlar və xalqlar ölkəmizin bu addımını dəstəkləyəcəkdi. Çünki ermənilər 30 il bizə zülm etmişdilər. Azərbaycan sülh naminə bunu etmədi, daha da irəliyə getmədi və sülh üçün çalışdı.
Bəs dünyanın əsas güclərı Azərbaycanın bu bəşəri davranışına lazımı qiyməti verdimi?
Ekspertlərin fikrincə, Azərbaycanın Vətən müharibəsindən sonra tutduğu sülh yolu, əslində, yalnız siyasi qərar deyil, həm də dövlətçilik məsuliyyətinin, humanist yanaşmanın və strateji düşüncənin göstəricisi kimi qiymətləndirilə bilər.
"Azərbaycan 30 il ərzində işğalın, məcburi köçkünlüyün və ağır humanitar faciələrin nəticələrini yaşadığı halda, hərbi üstünlük əldə etdikdən sonra niyə daha geniş ərazilərə doğru irəliləmədi", "Dünya bu qərarın mahiyyətini nə dərəcədə anladı və Azərbaycanın sülhə verdiyi töhfəni layiqincə qiymətləndirdimi" kimi suallar daim gündəmdədir.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qazandığı qələbədən sonra hərbi əməliyyatları davam etdirərək daha böyük nəticələr əldə etmək imkanına malik idi. Lakin ölkə rəhbərliyi müharibənin dayandırılmasına və sülhün bərqərar olmasına üstünlük verdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat müharibənin dayandırılmasını, bölgədə yeni siyasi reallığın formalaşmasını nəzərdə tuturdu.
Burada bir məqamı da nəzərə almaq lazımdır: Azərbaycanın hərbi əməliyyatları davam etdirməməsi təkcə humanist seçim deyildi. Bu, həm də beynəlxalq hüquq, regional təhlükəsizlik, böyük dövlətlərin mövqeyi və gələcək siyasi nəticələr baxımından hesablanmış strateji qərar idi.
Azərbaycanın 30 il ərzində işğala məruz qalması, bir milyondan artıq insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması xalqımızın yaddaşında dərin izlər buraxmışdı. Belə bir tarixi təcrübədən sonra Azərbaycanın sülhə üstünlük verməsi, şübhəsiz ki, xüsusi diqqətə layiqdir.
Beynəlxalq münasibətlərdə dövlətlərin davranışı çox vaxt onların bəyanatları ilə deyil, konkret siyasi addımları ilə ölçülür. Böyük dövlətlər Azərbaycanın sülh siyasətini müəyyən mənada dəstəklədilər.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, eləcə də birgə bəyannamənin imzalanması Azərbaycanın sülh siyasətinin beynəlxalq səviyyədə mühüm nəticəsi oldu.
Avropa İttifaqı bu hadisəni onilliklər davam edən münaqişənin sona çatması istiqamətində əhəmiyyətli irəliləyiş kimi qiymətləndirdi. ABŞ administrasiyasının vasitəçiliyi ilə əldə edilən razılaşma regionda yeni əməkdaşlıq imkanları yaratdı.
Bu, Azərbaycanın sülhə yönəlmiş siyasətinin beynəlxalq diplomatiyada qəbul edildiyini göstərən mühüm faktdır.
Ceyhun Məmmədov: "Bütün bunlar bir daha göstərir ki, beynəlxalq münasibətlərdə ədalət prinsipi heç də həmişə bərabər şəkildə tətbiq olunmur"
Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər ölkəmizə böyük imkanlar yaratdı: "Azərbaycan, hətta tarixi torpaqlarımızın qaytarılması istiqamətində daha geniş addımlar ata bilərdi. İrəvan, Şərqi Zəngəzur və tarixi Azərbaycan torpaqları ilə bağlı məsələlər gündəmə gətirilə bilərdi. Lakin Azərbaycan bu imkanlardan istifadə edərək daha geniş hərbi qarşıdurmaya getmədi, böyük təmkin nümayiş etdirdi.
Azərbaycanın əsas hədəfi Qarabağın işğaldan azad edilməsi idi. Ölkəmiz bu məqsədə çatmaq üçün uzun illər səbr və iradə göstərdi, böyük fədakarlıqlar etdi. Zəfərdən sonra isə Azərbaycan regional vəziyyəti, beynəlxalq münasibətləri və gələcək sülh perspektivlərini nəzərə alaraq məsuliyyətli mövqe tutdu. Lakin Azərbaycanın nümayiş etdirdiyi bu təmkin və sülhə yönəlmiş siyasət qarşı tərəfdən eyni münasibətlə qarşılanmadı. Bu gün də Azərbaycanla bağlı proseslərdə müəyyən qərəzlərin, ikili standartların mövcudluğunu müşahidə edirik. Azərbaycanın haqlı mövqeyinə qarşı müxtəlif siyasi və diplomatik maneələr yaradılır.
Bütün bunlar bir daha göstərir ki, beynəlxalq münasibətlərdə ədalət prinsipi heç də həmişə bərabər şəkildə tətbiq olunmur".
C.Məmmədov vurğuladı ki, Azərbaycan öz gücünü və imkanlarını nümayiş etdirməklə yanaşı, sülhə üstünlük verdi: "Lakin təəssüf ki, ölkəmizə qarşı qərəzli yanaşmalar və ədalətsiz münasibətlər hələ də davam edir. Bu gün Azərbaycanın qarşılaşdığı siyasi və diplomatik təzyiqlərin mahiyyətində də məhz həmin ikili standartlar dayanır".
C.Məmmədov onu da qeyd etdi ki, Azərbaycan zəfərdən sonrakı dövrdə də humanist və hüquqi mövqeyindən geri çəkilmədi. Bəzi siyasi dairələrin qərəzli yanaşmalarına baxmayaraq, Azərbaycan öz gücü və prinsipial tərəfdaşlığı sayəsində dünya birliyini bugünkü reallıqları və ölkəmizin Zəfərini qəbul etməyə məcbur etdi.
İradə SARIYEVA