2026-cı il noyabrın 8-də Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən altı il ötür. 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən əsas hadisələrdən biri oldu. Müharibənin ən mürəkkəb əməliyyatlarından biri isə Şuşa uğrunda döyüşlər oldu. Şuşanın coğrafi mövqeyi, dağlıq relyefi və strateji əhəmiyyəti şəhərin hərbi baxımdan ələ keçirilməsini olduqca çətinləşdirirdi. Azərbaycan hərbçiləri mürəkkəb relyef şəraitində, ağır döyüşlər nəticəsində şəhərə daxil olaraq onu düşmən qüvvələrindən təmizlədilər.
Ümumilikdə, Şuşa uğrunda döyüşlər müharibənin taleyində hansı rol oynadı?
Üzeyir Cəfərov: “Şuşa əməliyyatının məxfi saxlanılması və hərbi planlaşdırmanın yüksək səviyyədə aparılması...”
Sözügedən məsələni şərh edən hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Şuşanın mürəkkəb dağlıq relyefi, sıldırım qayaları və təbii müdafiə imkanları şəhərin hərbi baxımdan azad edilməsini son dərəcə çətinləşdirirdi: “Məhz bu xüsusiyyətlərinə görə Şuşa uzun illər “alınmaz qala” hesab olunurdu. Lakin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri bütün çətinliklərə baxmayaraq, şəhərin sıldırım qayalarını aşaraq düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirdi və Şuşanın azad edilməsinə nail oldu. Bu əməliyyat hərb tarixində mürəkkəb dağlıq relyefdə həyata keçirilmiş unikal hərbi əməliyyatlardan biri kimi qiymətləndirilir. Şuşanın azad edilməsində Azərbaycan Ordusunun XTQ-lərin rolu həlledici oldu. Şəhərin coğrafi mövqeyi və düşmənin qurduğu müdafiə istehkamları digər hərbi bölmələrin irəliləməsini çətinləşdirirdi. Təbii müdafiə imkanlarından istifadə edən düşmən ərazidəki keçidləri bağlamış, Azərbaycan hərbçilərinin şəhərə yaxınlaşmasının qarşısını almağa çalışmışdı. Mövcud vəziyyət nəzərə alınaraq əməliyyatın XTQ hərbçiləri tərəfindən həyata keçirilməsi qərara alındı. Xüsusi hazırlığa malik əsgər və zabitlər çətin relyef şəraitində irəliləyərək qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirdilər. Əməliyyatın uğurunu təmin edən əsas amillərdən biri də uzun illər ərzində aparılan hərbi hazırlıq və təlimlər idi. Azərbaycan hərbçiləri müxtəlif şəraitlərdə, o cümlədən gündüz və gecə saatlarında, mürəkkəb iqlim və relyef şərtlərində keçirilən təlimlərdə iştirak edirdilər. Bu hazırlıq prosesi hərbi qulluqçuların fərqli döyüş şəraitlərinə uyğunlaşmasına və əməliyyat tapşırıqlarını dəqiq yerinə yetirməsinə imkan yaradırdı. Eyni zamanda, Şuşa əməliyyatının məxfi saxlanılması və hərbi planlaşdırmanın yüksək səviyyədə aparılması da uğurlu nəticəyə təsir göstərən mühüm amillərdən idi”.
Vidadi ODAHALLI