Memarlıq yalnız sığınacaq və ya məkan təşkilatçılığı deyil, eyni zamanda xalqların sivilizasiya səviyyəsini, estetik dünyagörüşünü və mədəni kimliyini nümayiş etdirən fəza sənətidir. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan tarixi boyunca geostrateji və mədəni qovşaq rolunu oynamış, bu amil ölkənin memarlıq simasında dərin izlər buraxmışdır.
Klassik dövrlərdən başlayaraq regional bədii-konstruktiv məktəblər formalaşdıran Azərbaycan memarlığı XXI əsrdə qlobal post-modernist və parametrik cərəyanların mühüm mərkəzlərindən birinə çevrilmişdir. Müasir dövrdə ölkənin beynəlxalq memarlıq xəritəsindəki yeri həm UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri, həm də dünyaca məşhur arxitektorların müəllifliyi ilə ərsəyə gələn innovativ tikililəri ilə şərtlənir.
Azərbaycan memarlığının dünya mədəniyyət xəzinəsinə verdiyi əsas töhfələrdən biri XII–XIV əsrlərdə təşəkkül tapmış regional memarlıq məktəbləridir. Bu məktəblər konstruksiya, bədii memarlıq, ornamental zənginliyi və kərpic, daş plastikası baxımından Şərq memarlığına mühüm yeniliklər gətirmişdir. Bu baxımdan Naxçıvan-Marağa memarlıq məktəbinin öz yeri var. Əcəmi Naxçıvani tərəfindən təməli qoyulan bu məktəb kərpic hörgü texnikası, kaşı bəzək sənəti mühəndis həlli ilə seçilir. Möminə Xatun və Yusif ibn Küseyr türbələri Şərq intibahının parlaq nümunələridir.
Şirvan-Abşeron memarlıq məktəbi:
Yerli əhəngdaşı materialının plastik imkanlarından maksimum istifadə edilən bu məktəb, müdafiə tikililərindən başlamış (Mərdəkan, Nardaran qalaları) Bakının forştatında, eləcə də İstiqlaliyyət küçəsindəki kəsişməsindəki saray ansamblları (Şirvanşahlar Sarayı) ilə xarakterizə olunur.
Aran memarlıq məktəbi:
Bərdə, Gəncə, Qəbələ, Qarabağ və s. ərazilərdəki monumental körpü və şəhər istehkamlarının inşaası ilə şöhrət tapmışdır.
Heydər Əliyev Mərkəzi-Parametrik memarlığın qlobal simvolu…
Müstəqillik dövründən sonra Azərbaycan, xüsusilə Bakı şəhəri, qlobal memarlıq laboratoriyasına çevrilmişdir. Ölkəyə dəvət olunan dünya şöhrətli memarların layihələri şəhərin siluetini kökündən dəyişdirmiş və Azərbaycanı müasir memarlıq xəritəsinin diqqət mərkəzinə gətirmişdir.
Məsələn, Heydər Əliyev Mərkəzi parametrik memarlığın zirvəsi hesab edilir. Binanın sərt künclərin olmaması, axıcı forma və ətraf relyeflə sintezi ilə orqanik memarlığın qlobal rəmzidir. Bina 2014-cü ildə London Dizayn Muzeyi tərəfindən "İlin Dizaynı" mükafatına layiq görülmüşdür.
Bakının vizit kartına çevirilmiş “Alov Qüllələri” Azərbaycanın tarixi "odlar yurdu" konseptini müasir texniki mühəndisliklə birləşdirən kompleks, şəhərin vizual identikliyinin əsas komponentinə çevrilmişdir.
Ölkəmizin digər memarlıq nümunəsi olan, Bakı Beynəlxalq Hava Limanı İnteryer dizaynında təbii materialların və qoz formalı taxta istifadəsi ilə beynəlxalq nəqliyyat memarlığında insanmeylli mühit konsepsiyasını təqdim etmişdir.
Beynəlxalq müqayisəli təhlil baxımından Azərbaycan memarlığının inkişaf dinamikası tarixi identikliklə qlobal trendlərin harmoniyasını əks etdirir.
Nəhayət, nəticə olaraq qeyd edək ki, Azərbaycan memarlığı beynəlxalq arenada iki əsas sütun üzərində mövqelənir: zəngin tarixi-mədəni irs və müasir avanqard memarlıq. XII əsrdə Əcəmi Naxçıvaninin əsasını qoyduğu riyazi-geometrik konstruksiya prinsipləri, XXI əsrdə Zaha Hadidin axıcı parametrik xətləri ilə estetik baxımdan səsləşir. Azərbaycanın memarlıq və inşaat sənəti və təcürbəsi göstərir ki, milli memarlıq kodu qlobal trendləri mənimsəməklə yanaşı, özünəməxsus vizual simasını qoruyub saxlamaq potensialına qadirdir.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru, dosent