Faiq Ələkbərli: “Bu nümunələrdən istifadə edib Azərbaycan da tarixi irs nümunələrimizi geri qaytarmaq üçün səylərini genişləndirməlidir”
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, Afina, bu əsərlərin Britaniya Muzeyinin mülkiyyətinin tanınmasını tələb edərsə, Partenon heykəllərinin "icarə" kimi qaytarılmasına razı olmayacaq. Yunanıstan, 19-cu əsrdə Lord Elgin tərəfindən onların çıxarılmasını qanuniləşdirə biləcək hər hansı hüquqi güzəştləri istisna olmaqla, qədim şah əsərlərin tarixi vətənlərinə tam və daimi qaytarılmasında israr edir. Mitsotakis bildirib ki, Yunanıstan Partenon heykəllərinin xarici mülkiyyətini tanımır. Afina Britaniya Muzeyinin heykəlləri uzunmüddətli kredit kimi Yunanıstana təhvil verəcəyi formulu rədd edir.
Yunanıstanın əsas arqumenti odur ki, bunlar ayrı-ayrı muzey əsərləri deyil, Afina və London arasında bölünmüş tək bir abidənin hissələridir.
Britaniya Muzeyi ilə danışıqlar davam edir, lakin mülkiyyət məsələsi əsas maneələrdən biri olaraq qalır.
Salonikidəki Bizans Mədəniyyəti Muzeyində çıxış edən o, abidələrin və tarixi xəzinələrin müharibə qənimətləri və ya təsadüfən fərqli kolleksiyalara düşmüş muzey əşyaları kimi qəbul edilə bilməyəcəyini vurğuladı.
Qeyd edək ki, Fransa, təxminən 1000 il aradan sonra məşhur Balyö xalçasını (Bayeux Tapestry) tarixi bir razılaşma çərçivəsində müvəqqəti olaraq Böyük Britaniyaya qaytarıb.
XI əsrə aid olan bu nadir sənət əsəri xüsusi təhlükəsizlik tədbirləri altında Londondakı Britaniya Muzeyinə (British Museum) gətirilib və 10 sentyabr 2026-cı il tarixindən etibarən orada sərgilənməyə başlayıb.
Artıq dünyada belə bir proses gedir ki, ölkələr digər bir ölkəyə aid olan nadir sənət incilərini geri qaytarır. Bu gün müxtəlif dövlətlər qarət olunub başqa ölkələrə daşınan qədim sərvətlərini, incəsənət nümunələrini geri tələb edir. Yeri gəlmişkən, Afrika ölkələri də Böyük Britaniyadan müstəmləkəçilik dövründə qarət edilmiş mədəni irs və eksponatları tələb etməkdədir. Yəni artıq bu proses başlayıb.
Haqlı olaraq qeyd olunur ki, millətin, dövlətin tarix, mədəniyyət və incəsənət nümunələri heç vaxt müharibə qəniməti sayıla bilməz.
Nəzərə alsaq ki, Azərbaycan xalqının və dövlətinin qədim irs nümunələrinin xeyli hissəsi qonşu ölkələrin də, xarici dövlətlərin muzeylərində, kitabxanalarında, şəxsi kolleksiyalardadır. O irs nümunələrimiz ən müxtəlif dövrlərdə xarici ölkələrə daşınıb.
Məsələn, Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəni, tarixi irs nümunələrinin demək olar ki, çox böyük hissəsi Beriyanın və Mikoyanın göstərişi ilə Azərbaycandan kənara çıxarılıb.
Məlumatlara görə, SSRİ Nazirlər Soveti sədrinin müavini və repressiya aparatının rəhbəri olan Lavrenti Beriya (əsilli etibarilə gürcü olsa da, Cənubi Qafqazdakı proseslərə və erməni lobbisinin təbliği məsələlərinə təsir göstərirdi) bu məsələdə Azərbaycan əleyhinə mövqe tutmağa çalışırdı. Moskvadan tapıntıların İrəvana və ya Moskvaya göndərilməsi, qazıntıların dayandırılması və ya erməni mütəxəssislərin nəzarətinə verilməsi barədə təzyiqlər edilirdi. Hətta Qafqaz Albaniyası irsinə aid olan bu sərvətlər Gürcüstana da daşınıb. Mingəçevir qazıntısı zamanı aşkarlanan eksponatlar Rusiyanın, Ermənistanın və Gürcüstanın müxtəlif muzeylərindədir. Onlardan xarici ölkələrə çıxarılanlar da var.
Azərbaycanın maddi-mədəni irsinə aid minlərlə nadir eksponat (xalçalar, silahlar, zərgərlik, metal və keramika məmulatları, əlyazmalar) müxtəlif tarixi dövrlərdə ölkədən aparılaraq hazırda dünyanın ən nüfuzlu muzeylərində qorunub saxlanılır.
Ən məşhur eksponatların saxlanıldığı xarici muzeylər və mühüm nümunələr aşağıdakı cədvəldə qruplaşdırılmışdır:
Viktoriya və Albert Muzeyində (Böyük Britaniya, London) "Şeyx Səfi" (Ərdəbil) xalçası (1539-cu ildə Təbrizdə toxunmuş dünya şöhrətli şah əsər) saxlanılır. Eyni zamanda müxtəlif dövrlərə aid Təbriz, Quba, Qarabağ xalçaları da oradadır.
Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində Nizami Gəncəvinin 1430-cu ilə aid "Xəmsə" əlyazması, bürünc Şirvan lüləyini (1163-cü il), Şirvanşahlar və xanlıqlar dövrünə aid silahlar, dəbilqələr və sikkələr saxlanılır.
Parisin Luvr muzeyində qədim dövrlərə aid bədii metal sənəti nümunələri (gümüş, mis, bürünc qablar) və orta əsr Təbriz miniatürləri, bədii toxuculuq məmulatları mövcuddur.
Nyu-Yorkun Metropoliten Muzeyində Gəncə-Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbinə aid nadir xalçalar, qədim dövrlərə (Həsənli, Ziviyə tapıntıları) aid zərgərlik və metal sənəti nümunələri var.
Berlində yerləşən Tarixəqədər və Qədim Tarix Muzeyində XIX əsrin sonlarında Gədəbəy, Daşkəsən, Qarabağ və Göygöldən aparılmış 256 ədəd qədim arxeoloji tapıntı (tunc kəmərlər, silahlar, bəzək əşyaları),
İsveçrənin Bern Tarix Muzeyində XVIII əsrə aid nadir Azərbaycan məfrəşi və kilimi, Şərq silah kolleksiyası, Budapeştin Dekorativ Sənətlər və Şərq İncəsənəti Muzeyində 200-dən artıq xalq sənəti nümunəsi (Azərbaycan parçaları, tikmələr, örtüklər, balışüzü, süfrələr, yəhərüstü və bədii pərdələr), Almaniyanın Drezden Kitabxanasında "Kitabi-Dədə Qorqud" dastanının əlyazması, Qafqaz Albaniyası hökmdarı Cavanşirin at üstə heykəli (VII əsrə aid tunc buxurdan) Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitaj muzeyində saxlanılır.
Gürcüstanın arxivlərində, muzeylərində və fondlarında Azərbaycana aid zəngin maddi və qeyri-maddi mədəni irs nümunələri, qədim dövrlərdən bəri bu torpaqlarda yaşayan azərbaycanlıların tarixinə dair unikal eksponatlar qorunub saxlanılır.
Azərbaycan eksponatlarının saxlanıldığı və nümayiş etdirildiyi əsas Gürcüstan muzeyləri aşağıdakılardır:
Gürcüstan Milli Muzeyi və İncəsənət Muzeyi və digər muzeylər.
Bu muzey kompleksinin fondlarında Azərbaycana aid minlərlə qiymətli eksponat mövcuddur:
Azərbaycan xalçaları:
Muzeyin kolleksiyasında Qarabağ, Qazax, Gəncə, Təbriz və Quba xalçaçılıq məktəblərinə aid qədim və nadir əl işləri qorunur. Muzeydə mütəmadi olaraq bu xalçalardan ibarət kataloqlar və sərgilər təşkil olunur.
İrəvan xanlığının irsi: XIX əsr məşhur Azərbaycan rəssamı, Qacarlar üslubunun görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin unikal əsərləri (məsələn, "Fətəli şahın portreti", "Qacar şahzadələrinin portretləri", gül-bülbül motivli rəsmlər və divar trafaretləri) Gürcüstan Milli Muzeyinin ən dəyərli eksponatları sırasındadır.
Arxeoloji və məişət əşyaları: Qədim dövrlərə və orta əsrlərə aid Azərbaycan zərgərlik, dulusçuluq və silah nümunələri.
Gəncə qapılarının məlum olan yeganə qalan tayı hazırda Gürcüstanda, Kutaisi yaxınlığındakı Helat monastrında (IV Davidin qəbri yaxınlığındakı cənub divarında) saxlanılır.
Dəmir qapılar 1063-cü ildə Şəddadilər dövlətinin hökmdarı Əbüləsvar Şavurun əmri ilə usta İbrahim Osmanoğlu (dəmirçi İbrahim ibn Osman Ənqaveyh) tərəfindən hazırlanmışdır.
1139-cu ildə Gəncədə güclü zəlzələ baş verdi. Bu qarışıqlıqdan və şəhərin zəifləməsindən istifadə edən gürcü çarı I Demetri Gəncəyə hücum edərək şəhəri qarət etdi və qapıları qənimət kimi Gürcüstana apardı.
Digər tayın taleyi: Qapının ikinci tayının aqibəti ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi mənbələrə görə, digər tay ya vaxtilə Dərbəndə aparılıb və orada əridilib, ya da zamanla korroziyaya uğrayaraq məhv olub.
Qaytarılması məsələsi: Azərbaycan müstəqillik qazandıqdan sonra Gəncə qapılarının geri qaytarılması məsələsi bir neçə dəfə rəsmi səviyyədə qaldırılsa da, Gürcüstan tərəfi hələ ki buna razılıq verməyib.
Təəssüflə qeyd edək ki, xarici muzeylərdə olan bir çox Azərbaycan eksponatları (xüsusən də xalçalar və metal məmulatları) uzun illər boyu səhvən "İran", "Qafqaz" və ya "Ermənistan" sənət nümunəsi kimi təqdim edilib.
Azərbaycanın tarixi və mədəni irs nümunələrinin ölkəyə qaytarılması (repatriasiyası) bu gün dövlət mədəniyyət siyasətinin ən vacib istiqamətlərindən biridir. Əsrlər boyu müxtəlif tarixi-siyasi səbəblərdən, arxeoloji qazıntılar və ya qanunsuz yollarla xaricə aparılan yüzlərlə nadir eksponatımız hazırda dünyanın ən məşhur muzeylərində (Luvr, Britaniya Muzeyi, Ermitaj, Metropoliten və s.) saxlanılır.
Bu irsin geri qaytarılması və ya heç olmasa ölkədə rəqəmsal surətlərinin yaradılması istiqamətində dövlət tərəfindən müəyyən addımlar atılır və bu prosesin daha da gücləndirilməsi üçün aşağıdakı strateji istiqamətlər böyük əhəmiyyət kəsb edir:
Azərbaycan 1970-ci il tarixli "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınması tədbirlərinə dair" UNESCO Konvensiyasının fəal üzvüdür. Bu platforma vasitəsilə qanunsuz çıxarılan əşyaların restitusiyası tələb olunur.
Xarici ölkələrin Mədəniyyət nazirlikləri ilə muzey eksponatlarının və arxiv sənədlərinin qaytarılmasına dair xüsusi memorandumların imzalanması prosesi davam etdirilir.
"Virtual Qayıdış": Orijinalların fiziki olaraq qaytarılması mürəkkəb hüquqi proses olduğundan, hazırda ilkin mərhələdə xaricdəki Azərbaycan irsinin rəqəmsal reyestri yaradılır.
AMEA-nın Əlyazmalar İnstitutu Vatikan, Paris, London və Tehran kitabxanalarından Nizami, Füzuli, Nəsimi kimi dahi şairlərimizin nadir əlyazmalarının mikrofilmlərini və rəqəmsal surətlərini ölkəyə gətirib.
Son illərdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin xarici muzeylərlə apardığı birgə layihələr nəticəsində bir çox eksponatın kataloqlarda məhz Azərbaycan adı ilə rəsmiləşdirilməsinə nail olunub.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi xaricdə Azərbaycan xalçaları, miniatür sənəti və qədim musiqi alətlərinin məhz Azərbaycana məxsus olduğunu sübut edən beynəlxalq sərgilər və kampaniyalar təşkil edir.
Bu prosesi sürətləndirmək üçün ekspertlər növbəti addımların atılmasını zəruri hesab edirlər:
Xarici arxivlərdə araşdırma apara bilən peşəkar mənbəşünas və restitusiyası üzrə ixtisaslaşmış hüquqşünas kadrların hazırlanması.
Beynəlxalq auksionların (Christie's, Sotheby's və s.) daimi monitorinqi və orada satışa çıxarılan Azərbaycan mənşəli tarixi əşyaların dövlət və ya özəl xeyriyyəçilər tərəfindən alınaraq ölkəyə gətirilməsi.
Mədəni irsin qaytarılması uzunmüddətli, böyük maliyyə və diplomatik səy tələb edən bir prosesdir, lakin milli kimliyin və tarixi ədalətin bərpası üçün dövlətin bu istiqamətdəki fəaliyyəti strateji prioritet olaraq qalmaqdadır.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, tarixi irs məsələsində dövlətlər və onların rəhbərləri çox israrlıdır və güzəştə getmirlər.
“Əgər vaxtilə hansısa bir şəkildə bizim abidələri, tarixi irs nümunələrimizi başqa bir xalq mənimsəyibsə, bu o demək deyil ki, bu irs nümunələri əbədiyyən onlarda qalmalıdır. Məsələn, müharibələr zamanı, yaxud xalqın zəif düşdüyü hansısa vaxtda başqa xalqın özünü güclü sayıb bizim sərvətlərimizi mənimsəməsi və ona sahiblənməsi doğru deyil. Azərbaycan həmişə güclü tərəf olub, amma bəzən problemlər də yaşamışıq. Problemlərimizdən istifadə edib bizim tarixi sərvətlərimizi başqa xalqlar, ingilislər, ruslar, farslar, gürcülər oğurlayıb mənimsəyiblər. Bu gün Şeyx Səfi Kitabxanası Rusiya muzeylərindədir (XVIII–XIX əsrlərdə müxtəlif tarixi hadisələr, müharibələr və işğallar zamanı kitabxananın zəngin fonduna zərər dəymiş, nadir nüsxələr və əlyazmalar talan edilmiş və ya başqa yerlərə daşınmışdır. Hazırda həmin qədim xəzinənin qalıqları və bəzi əlyazmalar müxtəlif dünya muzeylərində və arxivlərində saxlanılır. Bu kitabxana Rusiya tərəfindən istila edilib. Daha dəqiq desək, 1828-ci ildə Ərdəbili tutan rus generalı Suxtelen Şeyx Səfi kitabxanasının Rusiyaya köçürülməsi barədə tapşırıq aldı-İ.S), eyni zamanda bizim digər maddi-mənəvi sərvətlərimiz, sənət nümunələrimiz, qədim əl yazmalarımız, xalçalarımız və sairlər Rusiya, Fransa, İngiltərə, Almaniya, İsveçrə, ABŞ kimi ölkələrin muzeylərindədir. Biz həmin ölkələrdən tələb etməliyik ki, bizim tarixi irs nümunələrimizi, tarixi sərvətlərimizi geri qaytarsınlar. Bununla bağlı müvafiq addımlar atılmalıdır. “Kitabi-Dədə Qurqud”un əlyazmasdı da daxil olmaqla dastanlarımızın, nağıllarımızın, klassiklərimizin, mütəfəkkirlərimizin əsərlərinin əlyazmalarına Almaniya, Fransa, Rusiya və ölkələrin muzeylərindədir.
Hesab edirəm ki, Azərbaycan türklərinin elə maddi-mədəni sərvətləri, irs nümunələri var ki, onların çoxu gün işığına çıxarılmır. Bizim mütəfəkkirlərin, alimlərin, şairlərin elə əsərləri var ki, onları ingilislər, fransızlar, ruslar, farslar öz maraqları naminə ortalığa çıxarmırlar. Çıxarmayacaqlar da”.
F.Ələkbərli qeyd etdi ki, xarici muzeylərdə saxlanılan irs nümunələrimiz bəllidir və gün gələcək biz o irsin tamamını qaytara biləcəyik. O, vurğuladı ki, Azərbaycan türklərinin sərvəti yalnız Quzey Azərbaycanla məhdudlaşmır, bu sərvət Təbrizdə, Xoyda, Marağada, Zəncanda, hətta İsfahanda və Tehrandadır. “Biz bu məsələləri gündəmdə saxlamalıyıq və bununla bağlı dövlət qurumları müvafiq addımlar atmalıdır. Biz o sərvətləri geri qaytarmalıyıq. O maddi-mədəni, tarixi irsin, o sərvətin geri qaytarılması, gizlin qalanların gün üzünə çıxarılması xalqımızın o keçmişinə bağlılığını daha da güclü edir. Xalqımızın mənəviyyatı, mədəniyyəti üçün bu çox önəmlidir”.
F.Ələkbərli hesab edir ki, Azərbaycan qalib ölkədir, günü-gündən daha da güclənir, Cənubi Qafqazın lider dövlətidir, dünyada nüfuzu artır, bu baxımdan, bizə aid maddi-mədəniyyət nümunələrinin, eksponatların və sairin ölkənizə gətirilməsi zəurudir.
“Artıq müxtəlif ölkələrin timsalında presidentlər var. Bu nümunələrdən istifadə edib Azərbaycan da tarixi irs nümunələrimizi geri qaytarmaq üçün səylərini genişləndirməlidir. Mədəni diplomatiyadan istifadə edib ki, buna nail olmaq mümkündür”-deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA