Millət vəkili Aqil Abbasın Ağdamda ata-baba evini ala bilməyən vətəndaşların problemi ilə bağlı Milli Məclisin ickasındakı çıxışı gündəm yaradıb. Müxtəlif platformalarda deputatın fikri və bu fikrə MM sədri Sahibə Qafarovanın sərt reaksiyası cəmiyyətdə geniş müzakirəyə səbəb olub.
Əməkdar jurnalist Mətanət Ağamirli sosial şəbəkə hesablarından MM sədrinin münasibətini yolverilməz sayıb. "Millət vəkili Aqil Abbas öz şəxsi məsələsini deyil, ona müraciət edən onlarla Ağdamlı, Füzuli sakinlərinin eyni problemini öz şəxsində gündəmə gətirdi. Parlamentin spikeri problem eşitmək, görmək istəmir, çox gözəl! Biz də problemsiz həyat istəyirik, mən Ağdamda doğulub böyüyüb və ailədən qalan yeganə varis kimi ata evimi ala bilmirəm. O zaman bir zəhmət - mənim kimi ata yurdunu ala bilməyən Agdamlıların problemini həll etsinlər ki, vətəndaşın mülkiyyət hüququ problemi qalmasın. Vətəndaşların problemini, mülkiyyət hüququnu görməzdən gəlmək olmaz! Hələ bu yanaşmanı sərgiləyən bir də parlamentin xanım sədridirsə..." deyə paylaşımında vurğulayıb.