Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyasının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin" QSC birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin 23-də saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan "PALFLOT-2" tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Adminstrasiyasının Milli Mərkəzinə "SOS" siqnalı daxil olub.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin "Mİ-17-1V" və "KA-32" helikopterləri və "Vixr-5" gəmisi,Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Caspian Voyager", "Caspian Protechtor", "İslay" və "Jura" gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.
Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas edilib, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.
XXX
Sonradan yanğın tam söndürülüb. Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Adminstrasiyasının və "Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin" QSC-nin birgə yaydığı məlumatda bildirilir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT-2" tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olmuş, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.