Mənzil sahibi olmaq hamının arzusudur. Kifayət qədər əlçatmaz və hətta çoxumuz üçün mümkünsüz olan bu arzuya doğru bir addım atanda çox zaman sürprizlərlə qarşılaşırıq. Min bir əziyyətlə topladığın pulu verib mənzil alırsan və az keçmir məlum olur ki, sənin aldığın bu mənzil daha bir neçə nəfərə satılıb.
Söhbət yeni tikilən və hələ inşası başa çatmayan mənzillərdən gedir. Qanunda bir mənzilin eyni zamanda bir neçə adama satılması qeyri-mümkün məsələ hesab olunur. Lakin Bakıda bu cür tikinti şirkətlərinin qurbanı olan yüzlərlə vətəndaş var. Ona görə məhkəmələrdə də tez-tez bununla bağlı şikayətlərə rast gəlinir.
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağı ilə bağlı zərərçəkmiş qismində tanınıb. Bu sahədə qurbanların sayının artmasının səbəbi kimi MTK-ların reyesterinin aparılmaması göstərilir.
Maraqlıdır ki, indiyədək bu problemin qarşısı niyə alınmır?
“Möhür, imza, müqavilə və s. hər biri MTK rəhbərində olduğuna görə, bu adam istəsə bir mənzili sahiblərindən xəbərsiz 10 adama da sata bilər”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağı ilə bağlı zərərçəkmiş qismində tanınıb. Bu kimi problemlərin yaranmasına səbəb tikilən binalarda satılan mənzillərin hər hansısa bir dövlət orqanında reyestrinin aparılmamasıdır: “Möhür, imza, müqavilə və s. hər biri MTK rəhbərində olduğuna görə, bu adam istəsə bir mənzili sahiblərindən xəbərsiz 10 adama da sata bilər. Bu isə yalnız bina tikilib təhvil verildikdən sonra, yəni adamlar evinə gəlib sahiblik edəndə bəlli olar. Yəni problem ondadır ki, bunun Azərbaycanda reyestri aparılmır və vahid bazası yoxdur. Tükiyəyə, Rusiyaya və digər ölkələrə baxaq. Burada tikintini şirkət edir, amma alqı-satqını başqa bir qurum aparır. Amma bu gün ölkəmizdə vətəndaş böyük məbləğdə pullar verir, sonu necə olacağı sual altındadır. Bu səbəbdən də vətəndaşlar mənzil alarkən yeni tikili binalardan binanın keyfiyyəti ilə maraqlanmırlar. Sadəcə bina tikən şəxsin şəxsi keyfiyyəti ilə maraqlanırlar ki, bu necə insandır, kimisə aldadıbmı, tikdiyi binalara çıxarış veribmi və s. Əslində, bu düzgün yanaşma deyil. Sadəcə vətəndaşlar məcburdurlar ki, bu cür yanaşsınlar”.
Ekspert onu da əlavə etdi ki, “ASAN xidmət"də ilkin çıxarışların verilməsi həyata keçirilsə də, hər tikinti şirkətinin rəhbəri bunu etməkdə maraqlı deyil. Çünki bu prosesi həyata keçirən zaman dövlət qurumuna mütləq qaydada təqdim olunmalı sənədlər var.
E.Fərzəliyev tövsiyə etdi ki, vətəndaşlarayeni binalardan mənzil alarkən vəkilə müraciət etsin. Satış mexanizminin qanunvericilik səviyyəsində dəyişməsi ilə bağlı məsələ həllini taparsa, əmlak bazarına böyük alıcı kütləsi axın edə bilər.
Günel CƏLİLOVA