Yəmənli husilər Səudiyyə Ərəbistanının cənubundakı hərbi bazaya ballistik raket və pilotsuz təyyarə ilə hücum etdiklərini iddia edirlər.
Hərəkatın hərbi sözçüsü Yəhya Sarinin sözlərinə görə, hücumun hədəfi əl-Şaraura bazası olub. Sari sosial mediada yazıb ki, zərbələr "ölkəmizə və xalqımıza qarşı təcavüzü istiqamətləndirən silah anbarları və komandanlıq və nəzarət mərkəzlərini" hədəf alıb.
O, hücumun dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.
Husilərin hərbi sözçüsü Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, Yəmənə qarşı davam edən hərbi əməliyyatlar daha böyük və daha intensiv hücumlara səbəb olacaq və Səudiyyə Ərəbistanı ərazisinin daha dərinliyindəki hədəflərə zərbə endiriləcək.
Qeyd edək ki, husilər 2014-cü ildən bəri paytaxt Səna da daxil olmaqla, Yəmənin şimal və qərbinin əhəmiyyətli bir hissəsinə nəzarət edirlər. Hərəkat dəfələrlə Səudiyyə Ərəbistanında və digər regional ərazilərdəki hədəflərə raket və dron hücumları həyata keçirib.
Tahir TAĞIYEV