Donald Trampın həyatının ilk dörd ilini keçirdiyi ev genişmiqyaslı təmir işlərindən sonra 1,93 milyon dollara satılıb. "Associated Press"in məlumatına görə, bu yaxınlara qədər Kvinsin "Jamaica Estates" məhəlləsində yerləşən beş yataq otaqlı ev boş qalmışdı; damdan sızan sular və kif səbəbindən baxımsız vəziyyətə düşmüş, hətta içərisində sahibsiz pişik koloniyası məskunlaşmışdı. Tüdor üslubunda tikilmiş bu ev 1940-cı ildə Trampın atası, daşınmaz əmlak sahəsində fəaliyyət göstərən sahibkar Fred Tramp tərəfindən inşa edilib. Evi satan hazırkı sahibkar Tommi Lin onu ötən il 835 000 dollara almış və sonradan səkkiz ay davam edən təmir işlərinə təxminən 500 000 dollar sərmayə qoymuşdu. Layihə nəticəsində evdə peşəkar səviyyədə təchiz edilmiş müasir mətbəx, "balıq sümüyü" naxışlı taxta döşəmə və spa üslubunda vanna otaqları yaradılıb. Alqı-satqı müqaviləsi iyul ayında imzalanıb və cümə günü daşınmaz əmlak saytlarında 1,93 milyon dollarlıq satış qiyməti əks olunub. Yeni sahibin kimliyi açıqlanmayıb. Ev son illərdə bir neçə dəfə sahibini dəyişib. "Zillow"un məlumatına görə, 2017-ci ildə – Tramp prezident seçildikdən bir neçə ay sonra – ev 2,14 milyon dollara satılmışdı. 2019-cu ildə isə əmlak 2,9 milyon dollara satışa çıxarılsa da, alıcı tapılmamışdı. Son təmir işlərindən əvvəl ev tamamilə baxımsız vəziyyətdə idi. "New York Post"un məlumatına görə, partlayan boru su sızmasına və kif yaranmasına səbəb olmuş, baxımsız qalan bina sahibsiz pişiklər üçün sığınacağa çevrilmişdi.
Erkən uşaqlıq illərini bu evdə keçirən Donald Tramp sonradan daşınmaz əmlak sahəsində karyera qurub – o cümlədən Manhettendəki "Trump Tower" göydələnini inşa edib və daha sonra siyasətə qoşulub.
SAMİRƏ