İndoneziya sahillərində Yava dənizində sərnişin bərəsinin batması nəticəsində bir nəfər ölüb, 102 nəfər xilas edilib,. qalan sərnişinlərin axtarışı davam edir.
BBC News xəbər verir ki, İndoneziyanın axtarış və xilasetmə agentliyinin verdiyi məlumata görə, pis hava şəraitində içərisində 243 nəfərin olduğu “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib. Bərə Surabayadan Kalimantanın cənubundakı Banjarmasinə gedirmiş. Gəmidən son siqnal bazar günü yerli vaxtla təxminən saat 2:00 radələrində alınıb. Həmin vaxt bərə Banjarmasindən təxminən 150 kilometr cənubda olub.
Axtarış-xilasetmə gəmiləri və bir helikopter hadisə yerinə göndərilib. Yava dənizi ərazisindəki bütün digər gəmilərə sərnişinləri aşkar etdikləri təqdirdə məlumat vermək barədə xəbərdarlıq edilib.
Hadisə İndoneziyada baş verən daha bir bərə qəzasından bir ay sonra baş vermib. Ötən ay Madura adası yaxınlığında bir gəmidə yanğın baş vermiş və nəticədə beş nəfər həlak olmuşdu.
İndoneziya 17.000-dən çox adadan ibarət arxipelaqdır, buna görə də bərə xidməti ölkədə ən çox yayılmış nəqliyyat növlərindən biridir.
Tahir TAĞIYEV