ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırıb və Ukrayna hücumlarının Rusiyada dizel yanacağı çatışmazlığına səbəb olduğunu bildirib. Tramp bu açıqlamanı jurnalistin Rusiya prezidenti Vladimir Putinlə son söhbətindən sonra Zelenski ilə danışıb-danışmadığı ilə bağlı sualını cavablandırarkən verib.
Amerika prezidenti Ukrayna liderini Rusiya dizel yanacağına hücumlardan əl çəkməyə çağırıb. "Cənab Zelenskinin etməsi gərəkən bir şey var, Rusiyada dizel yanacağını məhv etməyi dayandırmalıdır" – deyə Tramp bildirib.
Tramp bildirib ki, ABŞ hakimiyyəti Kiyevdən dizel yanacağı ilə əlaqəli Rusiya obyektlərinə zərbə endirməməyi xahiş edib. "Biz bunu cənab Zelenski ilə müzakirə etdik. Bir çox başqa hədəf var, onlara hücum etsinlər, dizel yanacağını hədəf almağa ehtiyac yoxdur, çünki bu, bütün dünyaya zərər verir", - deyə o, jurnalistlərə bildirib.
Tramp iddia edib ki, qlobal dizel çatışmazlığı Yaxın Şərqdən deyil, Rusiya ilə Ukrayna arasında baş verənlərdən qaynaqlanır.
Ukrayna bir neçə aydır ki, Rusiyanın neft və qaz obyektlərinə qarşı uzun mənzilli zərbələr endirir. Kiyev, Rusiyanın enerji sektorunun hərbi əməliyyatları maliyyələşdirdiyini və birbaşa yanacaqla təmin etdiyini iddia edir. Ukraynanın pilotsuz təyyarələrlə həyata keçirdiyi hücumlar, Rusiyanın dünyanın ən böyük neft və qaz ixracatçılarından biri olmasına baxmayaraq, ölkənin bir neçə bölgəsində yanacaq satışında məhdudiyyətlərə səbəb olub.
Tahir TAĞIYEV