Rusiya danışıqlara hazırdır, lakin onlar davam edərkən Ukraynadakı müharibəni dayandırmayacaq. Rusiya xarici işlər naziri Sergey Lavrov bu bəyanatı şənbə günü, sentyabrın 12-də verib. BRICS sammitinin keçirildiyi Nyu-Dehlidə çıxış edən Rusiya naziri bildirib: "Əgər [Vladimir Zelenski] görüşmək istəyirsə, Moskvaya gəlsin". Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Nyu-Dehlidə AFP-yə açıqlamasında Ukrayna liderinin təklifini rədd edərək, Rusiya və Ukrayna prezidentləri arasında G20 çərçivəsində görüşün "mümkün olmadığını" bildirib. Peskov həmçinin qeyd edib ki, görüş yalnız Rusiya paytaxtında baş tuta bilər. AFP-nin Kremlin danışıqlar üçün alternativ məkan nəzərdən keçirib-keçirmədiyi barədə sualına cavab olaraq Peskov deyib: "Onunla [Zelenski ilə] Moskvada görüşməyə hazırıq". Qeyd edək ki, Zelenski Putinlə Mayamidə görüşməyi təklif edib. Sentyabrın 11-də Ukrayna Prezidenti Vladimir Zelenski DW-yə bildirib ki, Rusiya liderinin iştirakı şərti ilə dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində Vladimir Putinlə görüşməyə hazırdır. Zelenski və Putin Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğalına başlamasından bəri üz-üzə görüşməyiblər. Rusiya prezidenti 2019-cu ildən bəri G20 sammitlərində iştirak etmir. Sentyabrın əvvəlində ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşner sülh danışıqlarını canlandırmaq məqsədilə Moskva və Kiyevə səfər ediblər. Daha sonra "Financial Times" nəşri danışıqlar aparan şəxslərin Moskva və Kiyevə səfərlərinin heç bir nəticə vermədiyini yazıb.
SAMİRƏ