Vüqar Bayramov: “Bu istiqamətdə ölkəmiz mərhələli şəkildə qarşısına qoyduğu məqsədlərə yaxınlaşır”
“2030-cu ilə baxsaq, "yaşıl zona" kimi müəyyən edilmiş ərazilərimiz təxminən 6 giqavat əlavə günəş və külək enerjisi gücünü təmin edir. Bu planlarla Azərbaycan 2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünü üç dəfə artırmağa çağıran ilk Qlobal Qiymətləndirmənin hədəflərini aşmağa hazırlaşır”.Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, Azərbaycan ənənəvi enerji istehsalçılarının yaşıl və davamlı gələcəyin öncülləri ola biləcəyini nümayiş etdirməkdə qərarlıdır.
Maraqlıdır, Qlobal Qiymətləndirmənin hədəflərini aşmaq hədəfi nə deməkdir? Bu istiqamətdə Azərbaycanın gördüyü işlərin rolu nədən ibarətdir? Yəni Azərbaycan 2030-cu ilə qədər ilk Qlobal Qiymətləndirmənin hədəflərini aşmaqla bağlı lazımı nəticələri ortaya qoysa, bu, nə demək olacaq?
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünü üç dəfə artırmağa çağıran ilk Qlobal Qiymətləndirmə qərarı, 2023-cü ildə Dubayda keçirilən COP28 İqlim Sammitində qəbul edilib. Bu qərar çərçivəsində dünya ölkələri 2030-cu ilə qədər iki əsas hədəf üzrə öhdəlik götürüblər. Bunlardan biri qlobal bərpa olunan enerji gücünü üç dəfə artırmaqdır. Yəni ən azı 11,000 GVts-a çatdırmaq. İkincisi, enerji səmərəliliyi ilə bağlıdır. Bu, o deməkdir ki, qlobal enerji səmərəliliyi artım tempini iki dəfə yüksəldilməlidir. Yəni bunu illik 2 faizdən 4 faizə qaldırmaq lazımdır. Bu istiqamətdə Azərbaycan mərhələli şəkildə qarşısına qoyduğu məqsədlərə yaxınlaşır. Ölkəmiz bərpa olunan enerji sahəsində 2030-cu ilə qədər payını 30 faizə çatdırmaq üçün günəş və külək stansiyaları tikir. Sözügedən sahələrin inkişafına özəl sərmayələr cəlb edir. O cümlədən, Avropaya yaşıl enerji ixrac etmək üçün beynəlxalq dəhlizlərin çəkilməsi gündəlikdə duran başlıca məsələlərdən biridir. İşğaldan azad edilmiş rayonlarda indiyə qədər 40-dan çox su elektrik stansiyası tikilib. 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası fəaliyyət göstərir. Bu layihələr ölkənin enerji balansında bərpaolunan mənbələrin payının artmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan qarşıya qoyduğu hədəflərə çatacaq”.
Vidadi ORDAHALLI