Sentyabrın 12-də Badamdar Hoteldə makiyajın düzgün tətbiqi və dəriyə qulluq üzrə iki günlük Masterklass təliminə start verilib.
Makiyaj üzrə tanınmış kontent müəllifi Günay Həsənovanın təqdimatında keçirilən Master your makeup təliminin gənc xanımların böyük marağına səbəb olması zalın tam dolmasından bəlli idi. Təlimin unikallığı isə iştirakçı xanımların oradan əliboş dönməməsində idi. Belə ki, iştirakçıların hər birinə makiyaj zamanı istifadə olunan bütün kosmetik məhsullar tək-tək hədiyyə olundu. Səhnədə könüllü model üzərində rəsmən sənət əsəri yaradan Günay xanım sənətin incəliklərini həvəslə izah etməklə yanaşı, iştirakçıların suallarını da sevə-sevə cavablandırırdı. Sonda isə Günay Həsənova iştirakçı xanımların hər birinə sertifikat təqdim etdi və xatirə fotosu çəkildi.
Qeyd edək ki, Günay Həsənova 12 ildir vətəndən uzaqda yaşayır. İllər öncə təhsil üçün İtaliyaya üz tutan gənc modelyer-vizajist çox keçmədən makiyaj sahəsindəki fitri istedadı ilə sosial media fenomeninə çevrilib. Makiyajın köməyi ilə öz üzərində ünlü simaların obrazını yaratması isə sosial mediada gənc xanıma saysız pərəstişkar qazandırıb. Elə təlimə qatılan xanımların da əksəriyyəti onu sosial mediadan tanıyan və sənətinə heyran qalan izləyiciləri idi.
Onu da bildirək ki, hazırda Günay Həsənova Amerikada yaşayır və Azərbaycana buradakı sevənlərinə Masterklass keçmək üçün təşrif gətirib.
Heç şübhə yoxdur ki, təlimin ikinci günü də ilk günü kimi eyni coşqu və anşlaqla davam edəcək.
Bizə isə Günay xanıma daha böyük uğurlar arzulamaq qalır.