Səudiyyə Ərəbistanının Şərq-Qərb neft boru kəmərinin bağlanması fonunda, Hörmüz boğazında baş verən yeni bir hadisə qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da artırıb.
“Reuters” agentliyinin verdiyi məlumata görə, bazar günü naməlum mərmi strateji əhəmiyyətli su yolundan keçən gəmini hədəf alıb. Böyük Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) məlumatına görə, zərbədən sonra gəmidə yanğın baş verib və heyət təxliyə edilib. Zərərin dərəcəsi və gəminin vəziyyəti məlum deyildi.
Vəziyyət neft bazarı üçün xüsusilə həssasdır, çünki təxminən 1200 kilometrlik Şərq-Qərb boru kəməri son aylarda Hörmüz boğazından yan keçərək Səudiyyə Ərəbistanının neftnin ixracı üçün alternativ marşrut kimi fəaliyyət göstərirdi. Boru kəməri ilə gündə təxminən 4-5 milyon barel neft - qlobal tədarükün təxminən 4-5%-i nəql edilir.
İndi isə, neft kəmərinə hücumdan və Hörmüz boğazında baş verən yeni bir hadisədən sonra, investorların tədarükün daha da axsaması ilə bağlı qorxularını artıb. Brent markalı neftin qiyməti bir həftə ərzində 8%-dən çox artaraq, bir barel üçün 100 dolları keçib. “Reuters” qeyd edir ki, bazar təchizat fasilələrinə qarşı getdikcə daha çox müdafiəsiz vəziyyətə düşür.
Bütün bunlara baxmayaraq, Hörmüz boğazı dünyanın əsas enerji marşrutlarından biri olaraq qalır: mövcud münaqişədən əvvəl qlobal neft tədarükünün təxminən 20%-i buradan keçirdi. Lakin döyüşlər səbəbindən boğazdan keçən yük daşımaları artıq xeyli azalıb.
Bab əl-Məndəb boğazındakı vəziyyət də əlavə risk yaradır. İranın dəstəklədiyi husilər Yəmən sahilləri boyunca irəliləyir və qlobal ticarət və neft daşınması üçün digər vacib marşrut olan boğazın girişindəki Perim adasını ələ keçiriblər.
Məlumata görə, bu marşrut üçün potensial təhlükə dünya neft nəqlinin təxminən 7%-nə təsir göstərə bilər.
Tahir TAĞIYEV