Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Şuşanın bir sıra tarixi-mədəni yerlərində olublar. Cıdır düzünə gələn diplomatlara bu ərazinin tarixi-mədəni əhəmiyyəti barədə məlumat veriblər. Qonaqlar Cıdır düzündən açılan möhtəşəm mənzərəni seyr ediblər.
Sonra 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York şəhərində törədilən və üç mindən çox insanın həlak olduğu terror aktlarının qurbanlarının xatirəsi anılıb.
Daha sonra diplomatlar Şuşada Aşağı Gövhər Ağa məscidinə gəliblər.
Diplomatlar Şuşada yeni salınan Qarabağ küçəsi ilə tanış olub, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən inşa edilən müxtəlif təyinatlı 10 binaya baxış keçiriblər. Qonaqlara bildirilib ki, tikinti işləri zamanı yüksək keyfiyyət standartlarının qorunması ilə yanaşı, binaların Şuşanın tarixi-memarlıq simasına və ümumi görünüşünə uyğunluğuna da xüsusi diqqət yetirilib.
Daha sonra diplomatlar Şuşa şəhərində tarixi memarlıq abidələrinə baxış keçiriblər.
Tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”ni ziyarət edən qonaqlara burada görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, görkəmli musiqiçi, tarzən, bəstəkar Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb.
Xarici korpusun nümayəndələri Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini də ziyarət ediblər.
Diplomatlar Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası kimi tanınmış binaya da baş çəkiblər. daha sonra Şuşa qala divarlarını ziyarət ediblər.
Daha sonra diplomatik korpusun nümayəndələri Şuşada birinci yaşayış kompleksində sakinlərlə görüşüb, burada yaradılan şəraitlə tanış olublar.