Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançıları Qırmızı dənizin girişindəki Bab əl-Məndəb boğazında yerləşən strateji əhəmiyyətli Mayyun (Perim) adasını ələ keçiriblər. Adanın nəzarətinin Husilərə Bab əl-Məndəb boğazında əhəmiyyətli strateji üstünlük qazandırdığı deyilir. Qeyd olunur ki, Husilərin adanı ələ keçirməsi onların Bab əl-Məndəb boğazı üzərində nəzarəti tam ələ keçirdiklərini göstərir.
Mayyun adası, Hind okeanını Süveyş kanalı vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji keçid olan Bab əl-Məndəb boğazının ən dar nöqtəsində yerləşir. Ada Bab əl-Məndəb boğazında gəmi hərəkətinə nəzarət etmək üçün strateji əhəmiyyətə malikdir.
Bu arada, Yəmən hökumətinə yaxın mənbələr Husilərin Qırmızı dəniz sahilindəki Taiz əyalətinin Zubab rayonunun da nəzarətini ələ keçirdiyini bildirib. Zubab, Bab əl-Məndəb boğazında sahil şəhəri kimi strateji cəhətdən əlverişli yerdə yerləşir və birbaşa boğaza baxır.
Husilərin Qırmızı dəniz sahilindəki Əl-Muha şəhərini ələ keçirməsi, ardınca Mayyun adasını və Zubabı ələ keçirməsi döyüş xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirib. Husilər bundan əvvəl bütün Hodeida əyalətinə nəzarəti ələ keçirdikdən sonra Taizdən qərbə doğru irəliləyərək Muha kimi Qırmızı dəniz sahili şəhərlərini və Bab əl-Məndəbə çıxış yollarını ələ keçiriblər. Bu vaxt hökumət qüvvələri əyalətin paytaxtı Hazma yaxınlaşaraq əl-Cəvf əyalətində irəliləyiş əldə ediblər.
ABŞ-İran münaqişəsi zamanı Hörmüz boğazının bağlanması və neft və mayeləşdirilmiş təbii qaz ixracının demək olar ki, dayandırılması Qırmızı dəniz yolunun əhəmiyyətini daha da artırıb.
Qırmızı dənizi Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazı Asiya ilə Avropa arasında dəniz ticarətinin əsas yolunu təşkil edir. Süveyş kanalından istifadə edən gəmilər oradan keçmək məcburiyyətində qaldığı üçün Bab əl-Məndəb boğazından milyonlarla barel neft və mayeləşdirilmiş təbii qaz daşınır.
Tahir TAĞIYEV