Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Zelenskinin G20-də Rusiya lideri ilə görüşmək təklifinə münasibət bildirib.
Peskov prezident Putinin Mayamidə keçiriləcək G20 sammitinə səfəri məsələsi hələ də həll olunmadığını bildirib: "Ora, Mayamiyə gedib-getməyəcəyimiz bəlli deyil".
O, bildirib ki, Ukrayna prezidenti, əgər həqiqətən Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər, dəvət qüvvədə qalır. "Əgər o, həqiqətən də Putinlə görüşmək istəyirsə, Putin artıq onun Moskvaya uça biləcəyini deyib" – deyə Kremlin sözçüsü bildirib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Putinin G20 sammitinə səfəri hələ müzakirə olunmayıb. Uşakov qeyd edib ki, hazırda sammitə hazırlıq işləri ekspertlər səviyyəsində aparılır.
"Ekspert səviyyəsində iş gedir. Mütəxəssislərimiz qarşıdan gələn sammit üçün sənədlər üzərində daim işləyirlər. Hər şey adi qaydada davam edir", - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Tahir TAĞIYEV