Litva Seymi Konstitusiyaya düzəliş edərək ölkənin əsas qanunundan kütləvi qırğın silahlarının qadağan edilməsi müddəasını çıxarmağı planlaşdırır.
Yerli medianın məlumatına görə, hazırda Konstitusiyanın 137-ci maddəsində deyilir ki, Litva ərazisində kütləvi qırğın silahları və ya xarici dövlətlərin hərbi bazaları ola bilməz.
Parlament sədri Yuozas Olekas əvvəllər bu müddəanın artıq geosiyasi reallığa uyğun olmadığını bildirmişdi. Onun sözlərinə görə, dövlətin hazırkı vəziyyətdə prioriteti sülhü qorumaqdır və bunun üçün çəkindirmə vacibdir, ən təsirlisi isə nüvə silahıdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Litva hakimiyyətinin öz ərazilərində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı müzakirələrinin yeni bir eskalasiya mərhələsinə səbəb olacağı barədə xəbərdarlıq edib: "Bunu proqnozlaşdırmaq olardı. Bu, gərginliyin çox ciddi şəkildə artmasına səbəb olar. Əgər ərazinizdə nüvə silahları yerləşdirirsinizsə, bununla kimlərisə hədəf alırsiz deməkdir".
Peskov iddia edib ki, o silahlar Rusiyaya qarşı yönələcək: "O, şərqə, yəni bizə yönələcək. Əgər həmin ərazidə bizə yönəlmiş nüvə silahları varsa, o zaman həmin ölkənin ərazisi də nüvə silahlarımızın hədəfində olacaq".
Tahir TAĞIYEV