Türkiyə Azərbaycanla gündə 1 milyon barel olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tam gücündən istifadə imkanlarını müzakirə edir ki, bu da hazırkı nəql gücündən 1,7-2 dəfə çoxdur.
"Biz Azərbaycan energetika naziri ilə mövcud enerji infrastrukturunun tam gücünə necə çatdırılacağını müzakirə edirik. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə gücünü gündə 1 milyon barelə necə artırmağı müzakirə edirik. Mövcud infrastrukturdan maksimum istifadəni təmin etmək əsas prioritetlərimizdən biri olaraq qalır", - Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən 5-ci Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində baş tutan brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Ceyhan terminalından dünya bazarlarına BTC vasitəsilə gündə təxminən 500-600 min barel neft ixrac olunur.
Bayraktar BTC vasitəsilə nəql üçün Orta Asiya ölkələrindən əlavə həcmdə neftin cəlb edilməsinin vacibliyini qeyd edib. "Məqsədimiz Mərkəzi Asiya və türk ölkələrindən nefti bu boru kəmərinə cəlb etmək və mövcud infrastrukturdan tam istifadə etməkdir" – deyə nazir bildirib.
Məlumat verildiyi kimi, 2025-ci ildə BTC boru kəməri ilə neft nəqlinin həcmi 27,18 milyon ton (2024-cü il səviyyəsi ilə müqayisədə 7,8% azalma) təşkil edib. Azərbaycan neftinin payı 84,8%-ni və ya 23,06 milyon tonunu (4,6% azalma), tranzit neftinin payı isə 15,2%-ni və ya 4,12 milyon tonunu (22,2% azalma) təşkil edib.
Hazırda BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli yataqlar blokundan neft, “Şahdəniz” yatağından kondensat və Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) neft daşınır. BTC həmçinin Qazaxıstan və Türkmənistan da daxil olmaqla bir sıra digər Xəzəryanı ölkələrdən neft nəql edir.
BTC boru kəmərinin uzunluğu 1770 km-dir və onun ötürmə qabiliyyəti ildə 50 milyon tondan (gündə 1 milyon barel) çoxdur.
Tahir TAĞIYEV