Ramil Məmmədli: “Miqrasiya axınının arxasında Rusiyanın gizli siyasi planlarının olması istisna deyil”
Ukraynanın “European Pravda” saytı yazır ki, Rusiya-Gürcüstan sərhədində uzun növbələr yaranıb. Rusiyada səfərbərlik elan olunacağı haqda şayiələr sakinləri qorxuya salıb: “Xeyli Rusiya vətəndaşı ölkəni mümkün qədər tez tərk etməyə çalışır. Təkcə avqustun son həftəsində 113 mindən çox insan və 33 mindən artıq avtomobil Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə Rusiyanı tərk edib”.
Yazıda bildirilir ki, Rusiyadan Gürcüstana kütləvi axın ilk dəfə deyil baş verir: “Oxşar vəziyyət 2022-ci ilin sentyabrında, Rusiya prezidenti Vladimir Putin “qismən səfərbərlik” elan etdikdən sonra da yaranmışdı. 2024-cü ilin siyahıyaalması Gürcüstanda təxminən 38 min Rusiya vətəndaşını qeydə alıb. Bu, ölkədə yaşayan bütün xarici vətəndaşların təxminən üçdə biri deməkdir. 2026-cı ildə isə Gürcüstanda rusiyalıların sayı 72 minə çatıb. İndi onlar ölkə əhalisinin təxminən 2 faizini təşkil edirlər. Rusiyada səfərbərlik elan ediləcəyi təqdirdə bu rəqəmin ikiqat artıracağı ehtimal olunur”.
O da qeyd edilir ki, Rusiyadan axın Gürcüstanda milli təhlükəsizlik risklərini artırır: “Son bir neçə ildə Tbilisi və Batumidə mənzil kirayəsi iki dəfə bahalaşıb. Yeni gələnlərin bir qisminin gürcü dilini öyrənmək istəməməsi və yerli qaydalara məhəl qoymaması isə Gürcüstan cəmiyyətində rusiyalı miqrantlara mənfi münasibəti gücləndirir. Son illər Gürcüstan dəfələrlə Rusiyanın rəsmi təbliğat sistemi ilə əlaqəli şəxslərin ölkəyə daxil olmaq cəhdləri ilə üzləşib. Həmçinin fəaliyyəti Gürcüstanın işğal olunmuş əraziləri ilə birbaşa və ya dolayı şəkildə bağlı olan şəxslərin ölkəyə girməsi halları olub. Böyük və kifayət qədər nəzarət edilməyən miqrasiya axını isə istər-istəməz milli təhlükəsizlik risklərini də artırır. Belə vəziyyətdə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin Gürcüstana daxil olması asanlaşa bilər”.
Sonda qeyd olunur ki, rusiyalıların Gürcüstana kütləvi gəlişi tədricən ölkəni sabitliyi poza biləcək “saatlı bomba” ilə üz-üzə qoyur. Gürcüstan hakimiyyətinin problemi görməzdən gəldiyi qeyd edilir: “Hakimiyyətin məsələnin mövcudluğunu etiraf etmək istəməməsi cəmiyyətdə mümkün sosial partlayış riskini artırır”.
Bütün bu deyilənlərin fonunda, baş verənləri Rusiyanın məqsədli şəkildə Gürcüstana on minlərlə rusu göndərməsi kimi hesab etmək olarmı? Yəni ölkədə sosial vəziyyəti qarışdırmaq, bu yolla cəmiyyəti aktivləşdirmək, gələn adamların əli ilə Gürcüstandakı proseslərə təsir etmək və hakimiyyəti açıq kartla oynamağa məcbur etmək. Belə ola bilərmi? Heç kimə sirr deyil ki, mövcud hakimiyyət Qərblə müqayisədə Rusiyaya daha yaxın münasibətdədir. Ancaq Gürcüstan hakimiyyətini Rusiya ilə daha açıq siyasətə məcbur etmək üçün bu miqrasiyadan bir kart kimi istifadə edilə bilərmi?
Hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Rusiyanın belə bir planı ola bilər: “Ona görə ki, Rusiya Cənubi Qafqazda təsir imkanlarını qorumaq üçün müxtəlif vasitələrə əl atır. Gürcüstan Azərbaycanla Ermənistanın Avropaya çıxışında açar ölkədir. Çünki Türkiyə ilə sərhədlər bağlı olduğundan Ermənistan Gürcüstan üzərindən Avropa ilə əlaqə qurur. Azərbaycanın əsas hissəsinin isə Türkiyə ilə quru sərhədi yoxdur. Ona görə də Rusiya tutaq ki, Gürcüstanı ələ keçirsə, bu, digər iki region ölkəsinə birbaşa təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın vacib enerji və nəqliyyat dəhlizləri Gürcüstan üzərindən keçir. Başqa bir tərəfdən, son dövrlər Ermənistanda gedən proseslər hamıya məlumdur. Ermənistan Qərblə yaxınlaşma kursunu açıq elan edib. Bütün bunlar Rusiyada ciddi qıcıqla qarşılanır. Düzdür, Ukraynada gedən müharibə səbəbindən Rusiya regiona açıq müdaxilə edə bilmir. Ancaq bu, o demək deyil ki, Rusiya regionda kəşfiyyat fəaliyyətini dayandırıb. Yaxud da Gürcüstanı yenidən öz təsir dairəsinə salmaq istəmir. Ona görə də miqrasiya axınının arxasında Rusiyanın gizli siyasi planlarının olması istisna deyil. Bu planların həyata keçib-keçməyəcəyini isə zaman göstərəcək”.
Vidadi ORDAHALLI