Məlum olduğu kimi, Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, iyunun 19-da Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Bundan əvvəl də Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində kütləvi məzarlıqlar aşkar edilib. Belə ki, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb. İndiyədək aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyiti qalıqları tapılıb.
Burada diqqəti çəkən məqam odur ki, 44 günlük müharibədən sonra bir belə kütləvi məzarlıq aşkar olunub, amma indiyə qədər bir beynəlxalq təşkilat belə buna münasibət bildirməyib. Niyə?
“Mart, Xocalı soyqırımlarını biz nə qədər dünyaya çatdırsaq da, Qarabağda törədilən cinayətləri görməzdən gəlirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bunun səbəbini Azərbaycana münasibətdə sərgilənən ikili standartlarla əlaqələndirdi: “Əvvəla, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması məsələsində biz əvvəlki tarixlərə də nəzər salmalıyıq. 1918-ci ilin mart soyqırımından sonra 2007-ci ildə Qubada kütləvi məzarlıq aşkar olundu. Daha sonra orada muzey yaradıldı. Belə kütləvi məzarlıqlar mart soyqırımından sonra bir sıra ərazilərdə var. Sadəcə olaraq, bunlar torpağın altında qalıb. Birinci Qarabağ müharibəsi dövründə də erməni quldurları tərəfindən çoxsaylı mülki vətəndaşlar, hərbçilər qətlə yetirilərək kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan tərəfi həmin məzarlıqların koordinatlarını Azərbaycana vermir. Ancaq buna baxmayaraq, azad olunmuş ərazilərdə belə məzarlıqlar aşkar edilir. Bu, erməni cinayətlərinin növbəti mərhələsini təşkil edir. Faktiki olaraq, Vətən müharibəsindən sonra bir neçə belə kütləvi məzarlıq aşkarlanıb, amma heç bir beynəlxalq təşkilat buna görə erməni vandalizmini pisləməyib. Davamlı olaraq beynəlxalq təşkilatların reaksiya verməməsi onların tarixən buna ikili standartlardan yanaşmasından irəli gəlir. Yəni 1918-ci ilin mart, Xocalı soyqırımlarını biz nə qədər dünyaya çatdırsaq da, Qarabağda törədilən cinayətləri görməzdən gəlirlər. Buna öz siyasətlərinə uyğun qiymət verirlər. Bütün bu ədalətsizliklərə rəğmən, biz beynəlxalq təşkilatlarla daha fəal işləməliyik. Həm səfirliklərimiz, həm də beynəlxalq qurumlarda fəaliyyət göstərən nümayəndələrimiz səylərini artırmalıdır ki, Qarabağda kütləvi soyqırım törədən erməni caniləri ifşa edilsin və öz cəzalarını alsın. Əsasən biz onların beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsinə nail olmalıyıq. Bütün bu işləri təkcə dövlətin üzərinə qoymaq doğru deyil. Bütün ictimai təşkilatlar və QHT-lər də bu işdə fəal olmalıdılar. Bütün vasitələrlə çalışmalıyıq ki, erməni yalanlarının ifşası məsələsində bu cür acı həqiqətləri dünyaya çatdıra bilək”.
Vidadi ORDAHALLI