Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlaşdığını iddia edərək, Rusiyanın buna hazır olduğunu deyib.
"Şimal sərhədlərimizə çox yaxın ərazilərdə intensiv hərbi hazırlıqlar aparılır, genişmiqyaslı, aqressiv hərbi təlimlər keçirilir və alyansın hərbi strukturuna yeni elementlər əlavə olunur. NATO-nun hərbi potensialını artırmaq planları məhdud çəkindirmə vasitələrindən Rusiya ilə potensial olaraq uzunmüddətli münaqişəyə hazırlığa keçidi göstərir. Şimaldakı bu cür fəaliyyətlər təhlükəsizliyimizə birbaşa təhdid yaradır. Rusiya zəruri hallarda bu təhdidləri aradan qaldırmaq üçün bütün hərbi texniki vasitələrindən istifadə etməyə hazırdır" – deyə Zaxarova bildirib.
Ukrayna Prezidenti Zelenskinin əvvəllər Rusiya mülki aviasiyasına qarşı təhdidlər səsləndirdiyini xatırladan Zaxarova bildirib ki, "bu, şantaj və hava terrorizminin dövlət səviyyəsində legitimləşdirilməsidir".
Zaxarova bunu dəstəkləyən ölkələrin "Kiyevlə əlbir" olduğunu bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun "Qara dəniz taxıl dəhlizi müqaviləsinə qayıtmağın qəbuledilməz olduğu" açıqlamasına da toxunan Zaxarova, müqavilənin həyata keçirilmədiyini qeyd edərək, "bundan yalnız Qərb faydalanıb" deyə əlavə edib.
Tahir TAĞIYEV