ABŞ NATO müttəfiqlərini Vaşinqtonun "Beynəlxalq Cinayət Məhkəməsini (BCM) məhv etmək" kampaniyasında iştirak etməyə məcbur etməyə çalışır. Bu barədə "Politico" nəşri adı açıqlanmayan NATO diplomatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, iyulun ortalarında Brüsseldə keçirilən 32 NATO səfirinin qapalı görüşü zamanı ABŞ səfiri Metyu Uitaker alyansdakı müttəfiqlərindən beynəlxalq təşkilatı dağıtmaq üçün kömək istəyib və onları Beynəlxalq Cinayət Məhkəməsinin təsis sənədi olan Roma Statutundan çıxmağa çağırıb.
Nəşrin məlumatına görə, Uitaker həmçinin ABŞ-ın "Amerikanın tərəfini kimin tutduğunu yaxından izləyəcəyinə" söz verib. Mənbələr Fransa və Hollandiyanın təşəbbüsdə iştiraka qarşı çıxdığını və Beynəlxalq Cinayət Məhkəməsinin tərəfini tutduğunu bildirib.
Eyni zamanda, Vaşinqton NATO ölkələrinə "ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini ləğv etmək üçün sistemli şəkildə çalışacağını" bildirən sənəd göndərib. Sənəddə ABŞ müttəfiqlərinə Beynəlxalq Cinayət Məhkəməsindən "dərhal çıxmaları" tövsiyə olunur.
Bu, Tramp administrasiyasının NATO müttəfiqlərini Vaşinqtonun səylərinə qoşulmağa məcbur etmək üçün ilk cəhdi deyil. Hazırki ABŞ prezidenti alyansı İranla münaqişəyə sürükləməyə çalışırdı, lakin Birləşmiş Krallıq da daxil olmaqla bir çoxları Amerika hərbi təyyarələrinin öz ərazilərinə enməsinə belə icazə verməkdən imtina etdilər və bu, ABŞ prezidentini qəzəbləndirdi.
Tahir TAĞIYEV