İraq ərazi sularında təxminən 2 milyon barel İraq yanacağı daşıyan tankerə hücum olub. Reuters agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, pilotsuz təyyarə ilə edilən hücumdan sonra gəmidə yanğın baş verib.
Panama bayrağı altında üzən "New Andros" tankeri ilə bağlı hadisə çərşənbə günü yerli vaxtla səhər saat 6:00 radələrində baş verib. İraq rəsmilərinin məlumatına görə, gəmidə təxminən 2 milyon barel yanacaq yağı olub. Gəmidə 22 heyət üzvü olub, onlardan heç biri xəsarət almayıb.
Bu arada, Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) ötən gecə bölgədə baş verən hərbi əməliyyatlar zamanı şimali Fars körfəzində və Oman körfəzində bir neçə ticarət gəmisinin yanğın nəticəsində zərər gördüyünü açıqlayıb. Bildirilir ki, tələfat və ya ətraf mühitə dəyən ziyan barədə hazırda heç bir məlumat yoxdur.
Birləşmiş Ərəb Əmirliklərindəki Rəşid Portundan 24 dəniz mili məsafədə başqa bir hadisə baş verib. UKMTO-nun məlumatına görə, naməlum mərmi ilə vurulduqdan sonra lövbər salmış gəmi yanı üstə yatıb.
İran çərşənbə günü Hörmüz boğazı yaxınlığında 10 gəmiyə hücum etdiyini iddia edir. Tehran hücumların ABŞ-ın beş İran neft tankerini batırmasına cavab olaraq həyata keçirildiyini bildirib. Tərəflər təxminən altı ay davam edən müharibənin başlanğıcından bəri gəmiçiliyə edilən ən böyük hücum seriyasını həyata keçiriblər.
Tahir TAĞIYEV