Gözlənilirdi ki, Azərbaycanın haqqında çox danışdığı Orta Dəhlizə Rusiyadan hansısa alternativ təşəbbüs olacaq. Siz deməyin bu ilin iyul ayında prezident Putin Rusiyadan Çinə Yeni Transaltay Orta Nəqliyyat Marşrutu deyilən dəmiryolu layihəsinin işlənməsi barədə tapşırıq veribmiş... Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Təxminən 1100 kilometrlik dəmiryolu Rusiya ilə Çinin şimal-qərb sərhəddində 55 kilometrlik ərazidən keçəcək. Bu ərazi Qazaxıstanla Monqolustanın arasındadır və əslində bu iki ölkəni ayırır... Tam açıq deyiblər ki...
1. Dağlıq Altaydan keçən Yeni Transaltay Orta Nəqliyyat Marşrutu Qazaxıstandan yan keçməlidir. Çünki Qazaxıstan Avropaya Rusiyadan yan keçən marşrutlar axtarır. Bu Qazaxıstana cavabdır.
2. Yeni Transaltay Orta Nəqliyyat Dəhlizi dedikləri bu dəmiryolu Azərbaycanın məşhur və haqqında çox danışdığımız Orta Dəhlizinə alternativ olmalıdır.
Müqayisə üçün rəqəmlər də gətirirlər. Yazırlar ki, son 3 ildə Azərbaycanın Orta Dəhlizi üzərindən Çindən Avropa istiqamətinə daşımalar 800 min tondan 4,5 milyon tona çatıb və 2030- cu ilə kimi 10 milyon tona çatacaq. Həqiqətən cəlbedici rəqəmlərdir. Rusiyada düşünürlər ki, bu qədər yük niyə Qazaxıstan və Azərbaycanın üzərindən keçsin?! Elə Rusiyanın öz üzərindən keçsə pis olar?!
Hələlik bu marşrut Rusiya-Çin-Rusiya daşımaları üçün nəzərdə tutulur. Ancaq Rusiya sanksiyalardan qurtaran kimi Yeni Transaltay Orta Nəqliyyat Dəhlizi Çin-Rusiya-Avropa və əksinə marşrut üzrə işləyəcək...
Bu da Azərbaycana cavabdır...
Tahir TAĞIYEV