MKİ direktoru Con Ratklif ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarında daha fəal rol oynamağa hazırlaşır. Məlumata görə, Ağ Ev Trampın xüsusi elçisi Stiv Vitkof və prezidentin kürəkəni Cared Kuşnerin sentyabrın əvvəlindəki səfərinin onların sonuncu səfəri olacağını ehtimal edir. Onların Moskvaya səkkiz və Kiyevə bir səfəri gözlənilən nəticələri verməyib. Tramp administrasiyası hazırda müharibəyə son qoyulması ilə bağlı danışıqlar təşəbbüsünü Ratklifə həvalə etməyi nəzərdən keçirir. Mənbələr “Financial Times” qəzetinə bildiriblər ki, Vitkof xüsusi elçi vəzifəsini qoruyub saxlayacaq və MKİ direktoru ilə yanaşı danışıqlarda iştirakını davam etdirə bilər. Qəzetin məlumatına görə, hazırda hər iki şəxs müəyyən məsələlərlə bağlı aparıcı rol uğrunda rəqabət aparır. Qəzetin mənbələrinə görə, Tramp hələ yekun qərar verməyib. Bununla belə, Ratklifə yaxın olan ABŞ rəsmiləri artıq avropalı həmkarlarını onun Moskva və Kiyevlə danışıqlara cəlb olunacağı barədə məlumatlandırıblar.
Maraqlıdır ki,Vitkofun danışıqlar prosesindən kənarlaşdırılması xəbəri Avropada müsbət qarşılanıb. Belə ki, Rusiya ilə bir il yarım davam edən danışıqlardan sonra orada heç olmasa müəyyən irəliləyiş əldə olunması gözlənilir.
SAMİRƏ