Pakistanın müdafiə naziri Xavaca Asif Ənsarullah hərəkatının Yəməndə Səudiyyə Ərəbistanına qarşı hücumlarına münasibət bildirərkən, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkə Müdafiə Alyansının aktivləşdirilə biləcəyi barədə xəbərdarlıq edib.
Asif, bölgədəki gərginliyin artması ilə bağlı açıq mesajlar verdi. O bildirib ki, Husilər Səudiyyə Ərəbistanına hücum edirsə, bu hücum mütləq Pakistana hücum hesab edilir.
Asif Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış birgə müdafiə müqaviləsinin bəndlərinə diqqət çəkərək, müqavilənin məcburi xarakter daşıdığını deyib. "Bir ölkəyə edilən hər hansı bir hücum hər üç ölkəyə edilən hücum kimi qəbul ediləcək. Bunda heç bir qeyri-müəyyənlik və ya şübhə yoxdur, bunun aydınlaşdırılmasına ehtiyac yoxdur” - deyə Asif birgə müdafiə müqaviləsinin kollektiv cavab bəndini xatırladıb.
Pakistanın müdafiə naziri paktın səbəbsiz hücumlara qarşı qəti bir mövqedə olduğunu deyib: "Bu, qarşılıqlı müdafiə müqaviləsidir və səbəbsiz hücum halında və ya Yəməndə baş verənlər Səudiyyə Ərəbistanına da təsir edərsə, bu müqavilə dərhal qüvvəyə minəcək. Heç kimin buna ən kiçik bir şübhəsi olmamalıdır. Biz bu paktın bütün şərtlərinə sadiqik və lazım gələrsə, onlara sonuna qədər əməl edəcəyik".
Yəməndəki Ənsarullah hərəkatının Səudiyyə Ərəbistanının hava və quru əməliyyatlarına cavab olaraq Səudiyyənin enerji obyektlərinə hücumlarını Ankara da pisləyib.
Tahir TAĞIYEV