Barak Obamanın ABŞ prezidentlərinin hər il etdiyi ənənəvi çıxışda 1915-ci il hadisələrindən danışarkən "soyqırım” sözünü işlətməyəcəyi bəlli olub. Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, bu barədə Amerikanın Erməni Milli Komitəsi xəbər verib.
Komitənin xəbərinə görə, bu barədə xəbər onlara rəsmi mənbələrdən daxil olub. "Belə görünür, Barak Obama prezidentliyini elə başladığı kimi bitirəcək, Türkiyənin təzyiqinə boyun əyərək erməni soyqırımı haqqında həqiqətləri dilə gətirməyəcək”- deyə Ağ Ev rəsmisinin verdiyi xəbərdən məyus olmuş Erməni Milli Komitəsinin rəhbəri Aram Abramyan bildirib. Onun sözlərinə görə, Obamanın Türkiyənin bu mövzuda təzyiqlərinə, həmçinin Ankara və Bakının "aqressiyasına” təpki göstərməməsi "Ərdoğan və Əliyevi gərginliyi artırmaqla ermənilərə qarşı genişmiqyaslı qanlı hadısələrə təhrik edir”. Göründüyü kimi, burada da tipik erməni məkrindən vaz keçilməyib və hər fürsətdə qondarma "soyqırımını" dünyaya sırımağa can atan toplumun üzvü kimi o, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini də dünyaya "aqressiya" kimi tanıtmaq fürsətini əldən qaçırmayıb.
Xatırladaq ki, hər il sərf etdikləri çabalara rəğmən, ermənilər Ronald Reyqanın 1981-ci ildə "erməni soyqırımını” tanımasından sonra keçən illər ərzində bir daha buna nail ola bilməyiblər.
Görünən odur ki, Obama gedər ayaqda da onları məyus edəcək.