Gəzdən uzaq, könüldən iraq düşən Lerikin əksər dağ kəndlərində uzun illərdir şəxsi dükanlar adamların başında sözün əsl mənasında turp əkiblər. Birinci növbədə Lənkəranda fəaliyyət göstərən iri şirkətlərin vaxtı keçmiş, atılmış, hətta mənşəyi bilinməyən ərzaq məhsullarını gətirib dördqat bahasına kəndlərdə heç nədən çəkinmədən sata bilirlər.
Çünki dükan sahiblərin fəaliyyətinə nəzarət edilmir, o bir tərəfdən isə rayonda ictimai nəqliyyat yoxdur, odur ki, kəndli vaxtında Lənkərana düşüb özünə lazımi gündəlik tələbat mallarını alsın. Kəndlərdə dükan var sahibi 30 ildir zəli kimi insanların qanını sorur, səlahiyyətlilər isə ona “gözün üstə qaşın var” deməyə cürət etmirlər. Bu yandan dövlətin alış-veriş zamanı polietilen torbaların pullu etməsi soyğunçulara daha bir imkan verdi.
Dükan sahibləri polietilen torbalarına öz istədiyi qiymət da qoyublar. Belə ki, ölçüsündən asılı olaraq guya onların dükanlarında olan torbalar 10, 15 qəpik dəyərindədir. Nəticədə qəpik-quruşa möhtac kəndli aldığı gündəlik istehlak mallarına əlavə ən azı iki manat ödəməli olur. Doğrudur, dükana üz tutan evdən zənbil götürsə də, ərzaqlar müxtəlif olduğuna görə əlavə sellofan torbaya ehtiyac duyulur. Bununla belə sellofan torbaların ödənişlı olması, başqa yerləri deyə bilmərəm, amma Lerikin kənd dükanlarında alıcıdan artıq pul mənimsəməkdən başqa bir şey deyildir. Bir də dövlətin verdiyi sərəncamla ölçüsü 15-50 mikron olan polietilen torbalar pulla satılır. Lakin bu ölçüdən qalın olan torbaların satışı pulsuzdur. Lakin bunun kənd tacirləri üçün heç bir əhəmiyyəti yoxdur. Onlar: “Qalın torbalar daha böyük pul istəyir”, - deyirlər.
İndi lerikli kəndlisi demək istəyir ki, ekologiyanın saflığı, insanların sağlamlığı naminə polietilen torbaların təkcə alıcı üçün pullu olmasını istəmək, bu heç ədalətə sığmayan bir işdir. Daha düzgün olar ki, polietilen torbalar ümumiyyətlə satışdan çıxarılsın, sovet vaxtı olduğu kimi kağızdan istifadə edilsin.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü