Ermənistan və Azərbaycan sülh dövrünə qədəm qoyub. Avqust ayında Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının bir illiyini qeyd etdik. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.
H.Hacıyev diqqətə çatdırıb ki, biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik.“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan üçün münaqişə bitib. Anladıq ki, sülh reallıqları altında yaşamaq çox böyük hissdir. Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və daha da möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək. Sülh həm də yerlərdəki bərpa və yenidənqurma səylərindən başlayır. Çünki, sülh sadəcə qarşıdurmanın olmaması deyil, etimadın qurulması, bərpa və yenidənqurma deməkdir”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında bu yaxınlarda baş tutan görüş çox konstruktiv mühitdə keçib. “Hər iki tərəf sülh gündəliyini daha da irəli aparmaq, iki ölkə arasında etimadın bərpası, regionda əlaqələndirmə və bağlantı da daxil olmaqla, ticarət əlaqələrini daha da inkişafı üçün ikitərəfli qarşılıqlı əlaqədə olmaq barədə razılığa gəlib. Bununla yanaşı, TRIPP konsepsiyasının inkişafı ilə bağlı müsbət siqnallar var. Bu layihənin reallaşdırılmasına tam sadiqlik nümayiş etdirdikləri üçün amerikalı tərəfdaşlarımıza minnətdarıq”, - deyə H.Hacıyev əlavə edib.
ZÜMRÜD