Son günlər Türkiyədə baş verən zəlzələ nəticəsində binaların dağılması ölkəmizdə də bu sahəyə diqqəti artırıb. Məlumat üçün bildirək ki, Azərbaycanın seysmoloji xəritəsi sonuncu dəfə 1977-ci ildə hazırlanıb. 46 ildir ki, Azərbaycanda bu xəritədən istifadə edilir.
Qardaş ölkədə baş verən məlum hadisə ölkəmizdə də narahatlığa səbəb olub. Qeyd etdiyimiz kimi, 46 ildir ki, ölkənin seysmoloji xəritəsi yenilənmir. Maraqlıdır, məlum xəritə niyə yenilənmir? Bu sahədə nə kimi problemlər var?
“Seysmoloji xəritənin yenilənməməsinin səbəbi ərazilərimizin 30 ildir işğal altında olması idi”
Seysmoloq Ənvər Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda seysmoloji xəritənin yenilənməməsinin səbəbi ərazilərimizin 30 ildir işğal altında olması idi: “Xəritənin dəqiq tərtib olunması üçün işğal altında olan ərazilərə gedilməli idi, lazımi cihazlar yerləşdirilməli idi. Şükür ki, torpaqlar işğaldan azad olunub. Həmin torpaqlara məlum cihazları yerləşdirmək üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı var. Bu istiqamətdə işlər gedir. Ancaq xəritənin hazır olması üçün quyular qazılmalıdır, həmçinin qonşu ölkələrdə də birgə araşdırma aparılmalıdır. Nəzərə almaq lazımdır ki, Böyük Qafqaz dağları seysmik ərazidədir. Ümumiyyətlə, Böyük Qafqazın ərazisində olanların hamısı seysmik zonaya aiddir. Bu səbəbdən də xəritə hazırlanmazdan öncə qonşu ölkələrlə birgə araşdırılma aparılmalıdır. Onu da deyim ki, Azərbaycan Alp-Himalay qırışıqlığının üzərində yerləşir. Alp qırışıqlığı Yer qabığı təbəqələrində kaynozoy və qismən mezozoy eralarında əmələ gəlmiş qırışıqlıqdır. İlk dəfə Alp dağlarında öyrənildiyindən "Alp qırışıqlığı" adlandırılır. Mezozoyun əvvəlindən başlamış, neogendə şiddətlənmiş və kaynozoyun sonunda zəifləmişdir. Alp qırışıqlığı yenə də davam edir. Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, seysmoloji xəritə atlas üzərində var. Ancaq yeni deyil. Ölkənin seysmoloji xəritəsinin yenilənməsi işlərinə başlanılmalıdır. Bölgələr üzrə seysmoloji məntəqələrin sayı artırılmalıdır: “Türkiyədə baş verən hadisə bir daha göstərdi ki, yaşayış binaları, ictimai binalar və sairin möhkəmliyi ciddi şəkildə yoxlanmalıdır. İndi biz deyə bilmərik ki, hansı binalar daha möhkəmdir – sovet illərində inşa edilənlər, yoxsa sonra tikilənlər. Bir çox binaların dayaq sütunlarına müdaxilə edildiyi məlumdur. Binaları təhlükəli edən əsas səbəblərdən biri də budur”.
Günel CƏLİLOVA