Məlum olduğu kimi, 6 fevral tarixində Türkiyənin Kahramanmaraş bölgəsində 7.7 və 5 saat sonra 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində Türkiyənin digər bölgələrində də - Diyarbəkir, Adana, Hatay, Malatya, Adıyaman və Qaziantepdə böyük dağıntılar və insan tələfatı yaşanıb.Təbii fəlakət nəticəsində 5 775 binanın tamamilə dağıldığı, 10 mindən artıq tikilinin isə qəzalı vəziyyətə düşdüyü bildirilir.
Danılmaz faktdır ki, zəlzələ bütün dünyada qarşısı alına bilinməyən və böyük itkilərə səbəb olan təbii fəlakətdir. Zəlzələ nəticəsində baş verən təkanların gücü 12 ballıq Rixter şkalasıyla müəyyən olunur. Dünyada hər il minlərlə insanın maddi və mənəvi itkisinə səbəb olan zəlzələlərdə insan tələfatının ən böyük səbəbi zəlzələyə davamlı olmayan binalardır.
Maraqlıdır, yaşadığımız evlər zəlzələdən nə dərəcədə sığortalanıb? Paytaxtda durmadan inşa edilən çoxmərtəbəli binalar neçə bal zəlzələyə davamlıdır?
Ənvər Əliyev: “İnşa edilən binalar o qədər bir-birinə yaxındır ki, zəlzələ anında binalardan biri silkələnib digərinə dəysə, domino daşı kimi…”
Ekoloq, seysmoloq Ənvər Əliyev bildirdi ki, ölkə əhalisinin 40 faizi Bakıda cəmləşib: “Bu gün bu qədər əhalisi olan şəhərdəki bütün binaların səkkiz ballıq zəlzələyə dözəcəyinə inanmıram. İnşa edilən binalar o qədər bir-birinə yaxındır ki, zəlzələ anında binalardan biri silkələnib digərinə dəysə, domino daşı kimi hamısı yerlə bir ola bilər. Allah eləməsin ki, belə bir hadisə olsun, amma bu məsələdə diqqətli olmaq lazımdır. Köhnə, qəzalı binalar çoxdur, yeni tikilənlərin də hamısına etibar yoxdur. Heç kim zəmanət vermir ki, bu binalar standarta uyğundur və səkkiz ballıq zəlzələyə dözəcək. Belə başa düşürəm ki, biz yeraltı təkanlara hazır deyilik. Zəlzələnin müddəti 2000-ci illərdə olduğu kimi bəlkə 10-13 saniyə olmaz, 30-40 saniyə olar. Qorxmaq yox, hazır olmaq lazımdır. Heç kim heç nədən sığortalanmayıb”.
Elnur Fərzəliyev: “Tikinti zamanı ara məsafəsi ən önəmli faktorlardan biridir, bu binalardan biri keyfiyyətsizdirsə, onun uçması…”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirdi ki, son illər tikinti sahəsinə ciddi nəzarət olunur: “Azərbaycanın tikinti sahəsi 7-8 ildir ki, nəzarətdə saxlanılır. Tikintinin bütün elementləri laboratoriya şəraitində analiz edilir. Əgər standartlara uyğundursa, tikintiyə icazə verilir. Təbii ki, vaxtilə paytaxtda inşa edilən bəzi binalarda torpağın geoliji analizi aparılmayıb. Həmin binaların altından yeraltı sular axır ki, bu da ciddi təhlükə mənbəyi hesab olunur. Bakıda 1997-ci ildən bugünə qədər iki min ətrafında yeni çoxmənzilli bina tikilib. Bu binaların sayı gələcəkdə daha da artacaq. Biz görürürk ki, köhnə binalar söküldükcə, onların yerində mərhələli şəkildə yeni hündürmərtəbəli binalar inşa edilir. Tikintinin çox olması müsbət amil olsa da, bəzi standartlara riayət olunmalıdır. Bu gün Bakıda sıx şəkildə inşa olunan çoxlu sayda bina var. Tikinti zamanı ara məsafəsi ən önəmli faktorlardan biridir. Bu binalardan biri keyfiyyətsizdirsə, onun uçması digər binalara da problem yarada bilər”.
Günel CƏLİLOVA