Türkiyədə Kahramanmaraş və digər bölgələrdə baş verən zəlzələ zamanı 6 mindən çox bina uçulub və minlərlə vətəndaş həlak olub. Baş vermiş hadisənin fəsadları onu göstərir ki, sözügedən binalar tektonik ərazidə sıx inşa olunduğu üçün böyük insan ölümünə səbəb olub. Türkiyə rəsmilərinin fikrincə, insanları öldürən zəlzələ deyil, binaların keyfiyyətsiz olmasıdır. Türkiyədə baş verən faciədən sonra Azərbaycanda binaların təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlməyə başlayıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında bildirib ki, 2019-cu ilə qədər aparılan inşaat işlərində şirkətlər mərkəzə müraciət edirdi: "İndi belə müraciətlər almırıq. Müraciətlər olanda mərkəz əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.
Maraqlıdır, binaların tikintisi ilə bağlı Seysmoloji Mərkəzə niyə müraciət olunmur? Buna nə mane olur? Paytaxtdakı binalar zəlzələyə davamlıdırmı?
Elmar Nurəliyev: “Güclü zəlzələ fonunda hündürmərtəbli binalarda yaşayan vətəndaşların xəsarət almaq ehtimalı daha yüksəkdir”
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, güclü zəlzələ fonunda hündürmərtəbli binalarda yaşayan vətəndaşların xəsarət almaq ehtimalı daha yüksəkdir: “Zəlzələ baş verən ərazilərdə dağıntı və itkilərin miqyası ilk növbədə yaradılmış infrastrukturdan asılıdır. Bakıda tikilən binalar minimal olaraq 8 ballıq zəlzələyə davamlı tikilib. On il öncə tikilən bəzi keyfiyyətsiz binalara etibar etmək olmaz. Lakin hazırda tikilən binalar bir-bir yoxlanışdan keçir. Hətta hər mərtəbə qalxdıqca binalarda yoxlama olur”.
Ramil Qasımzadə: “Bu gün paytaxtda seysmoloji tələblərə cavab verməyən 30-a yaxın bina var”
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, Azərbaycanda yeni inşa olunan binalarda seysmoloji aktivlik nəzərə alınır. Ancaq köhnə tikililər üçün eyni fikri səsləndirmək doğru olmaz: “Binanın təməli qoyulduqdan sonra onun hər bir mərtəbəsində müvafiq yoxlamalar aparılır. Bakıdakı binaların ən azı 10 ballıq zəlzələlərə davamlı olması tələb edilir. Köhnə binalarda isə vəziyyət fərqlidir. Belə ki, bu binalar 2000-ci ildə baş verən zəlzələdə müəyyən qədər dayanıqlılıq nümayiş etdirdi. Lakin artıq 20 il vaxt keçib. Bu səbəbdən də istismar müddəti keçən binaların sökülərək yenidən inşa olunması vacibdir. Bina tikilən zaman, möhkəmliklə yanaşı, elastikilik də olmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün paytaxtda seysmoloji tələblərə cavab verməyən 30-a yaxın bina var: “Hazırda ölkəmizdə bəzi binalar var ki, FHN-in müvafiq rəylərini almayıblar və bu səbəbdən də sözügedən binalar çıxarışla təmin edilməyib. Seysmoloju cəhətdən ciddi nöqsanları olan binalar hələ də qeydiyyata alınmayıb. Bakıda təxminən 30-a yaxın belə bina var. O binalarda müvafiq bərkitmə işləri aparılmalıdır”.
Ramil Osmanlı: “Allah uzaq eləsin, bu cür zəlzələnin Bakıda baş verməsi olduqca böyük fəsadlar yarada bilər”
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə bildirdi ki, Bakıda istismar müddətini başa vurmuş binalar həddindən artıq çoxdur. Bakıda bu cür zəlzələ böyük faciə yarada bilər: “Demək olmaz ki, Bakıdakı binaların ucdantutma hamısı zəlzələyə davamsızdır, yaxud seysmik baxımdan göstəriciləri standartlara uyğun deyil. Belə deyil. Paytaxtda son illərdə inşa olunan bir çox keyfiyyətli binalar var. Sadəcə, Bakıda əsas problem keyfiyyətsiz binalarla yanaşı, istismar müddətini başa vurmuş köhnə yaşayış binalarıdır. Bakıda bu cür binalar həddindən artıq çoxdur. Eyni zamanda¸ paytaxtda mərkəz hissələrdə çoxmənzilli, hündürmərtəbəli binalar mövcud tikinti standartlarından kənar inşa olunub, bir-birinə, sosial obyektlərə çox yaxındır. Yol infrastrukturuna çox yaxındır, demək olar ki, səkilərin, yol keçidlərinin üzərindədir. Allah uzaq eləsin, bu cür zəlzələnin Bakıda baş verməsi olduqca böyük fəsadlar yarada bilər. Ona görə də indiki halda yalnız dua etmək qalır ki, Bakıda belə bir şey olmasın”.
Günel CƏLİLOVA