Bəlkə də 30 ildir Lerikin bir çox dağ kəndində əhalinin həyatı heç kimi maraqlandırmır. Dövlət tərəfindən sosial məsələlərin həllindən ötrü ayrılan vəsait yerli məmurların cibinə axır. Odur ki, illərlə üst-üstə yığılıb qalmış problemlər, ağır güzəran sadə, səmimi, məqamında Vətən yolunda canını əsirgəməyən kəndlini doğma ocağından didərgin salır. Kəndlər bir-bir boşalır, evlər uçulub-dağılır, insan əlinin həsrətinə möhtac qalan hektarlarla bərəkətli torpaqlar əkilməmış qalır. Haram vardan-dövlətdən gözü doymayan məmurların yaratdığı cəhənnəm əzabından kənd adamı şəhərə üz tutur. Bu da özlüyündə yeni problemlərə yol açır. Şəhərdə əhalı sıxlaşır, ərzaq qıtlığı, eləcə də müəyyən səbəblər xoş gələcəyə ümidi itirir.
İndi Lerikin Vənədi, Nısədi, Conu, Loda, Vıjaker, Bradi kəndlərində... beş-altı ailə qalıb. Onlarda qocalar, yaşlı adamlardır. Halbuki, adlarını çəkdiyim yurd yerləri sovet vaxtı öz görkəmi, firavan, qaynar həyatları ilə uzaqlara belə səs salmışdı. Çünki həmin illərdə insan amili gözlənilirdi, sosial məsələlər vaxtında həllini tapırdı, həmçinin görülən işə dəyər verilirdi. İndi artıq bunlar unudulub. Ucqar dağ rayonuna vəzifəyə gələnləri yalnız çapıb-talamaq, haram qazanc hesabına bu təbiəti əsl cənnəti xatırlayan yerlərdə eyş-işrətlə yaşamaq düşündürür. Təəssüf ki, dövlət də onların yalanlarına inanır. Vəziyyətdən istifadə edən “xalqın xidmətçiləri” daha çox qazanmaqdan ötrü xalqa qan uydurur...
Sözün qısası, nə qədər Azərbaycanımızı dünyada dinamik inkişaf edən ölkə kimi tərifləsək də, onun tərkibinə daxil olan Lerikin dağ kəndlərində yaşamaq dəhşətli dərəcədə ağırdır. Palçığı dizə çıxan kəndlərdə əhalinin rahatlığına xidmət göstərən heç nə yoxdur. Kəndlinin ümidi təkcə keçən əsrin 60-cı illərində evlərə verilən işıq idi, hazırda o da həftələrlə olmur. Ağac dirəklərin dibi tam çürüyüb, aralarında olan elektrik məftilləri də sallanmış haldadır. Balaca külək əsəndə, yaxud qar, yağış yağanda evlər qaranlığa bürünür. Bu qaranlığın isə sonu görünmür...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü