2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bundan sonra ermənilərin də həmin yoldan nəzarət altında istifadəsinə şərait yaradıldı. Ancaq ermənilər postu atəşə tutaraq, hərbçimizi yaralamaqla böyük bir təxribata əl atdılar. Bundan sonra Azərbaycan yolu bağlamağa məcbur oldu. Azərbaycan tərəfi Laçın sərhəd-keçid məntəqəsində beton arakəsmələr quraşdırıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə quraşdırma işlərini aydın görmək olur.
24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında keçirilən görüşdə Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə mane olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir. Ancaq Ermənistan bu yöndə heç bir addım atmır, əksinə, öz təxribatlarını davam etdirir. Maraqlıdır, Azərbaycanın tələbləri yerinə yetirilməyənə qədər Laçın yolunu bağlı saxlamasını bəhanə etməklə Ermənistanı bizə qarşı müharibəyə başlaya bilərmi?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi ilə bağlı informasiyalar yayılır: “Laçında Azərbaycanın nəzarət buraxılış məntəqəsi quraşdırması 30 il ərzindəki durumu tam əksinə çevirmiş oldu. Bu, Azərbaycanın suverenliyinin istehkamı, sərhəd divarı, sərhəd xətti idi. Gözlənilirdi ki, Ermənistan cəmiyyəti buna dözümsüzlük nümayiş etdirəcək, yüzminlərlə erməni Paşinyan hakimiyyəti əleyhinə qalxacaq, ancaq bir çoxlarının xəyal etdiyi bu şey baş vermədi. Amma məlum oldu ki, Ermənistan ordusu daxilində keçmiş hakimiyyətlərə, bu və ya digər şəkildə erməni lobbisinə bağlı olan qüvvələr ordu üzərindən təxribatlara əl atdılar. Ermənistan növbəti təxribatlarını həyata keçirmək üçün sərhədə qoşun toplayıb.
Onların mövcud hərbi potensialı ilə Azərbaycana güc nümayiş etdirməsi və yaxud bundan istifadə edərək nəyəsə nail olması qeyri-mümkündür. İki ordunun potensialı arasında müqayisəolunmaz dərəcədə fərqlər mövcuddur. Azərbaycan ordusu hər keçən gün döyüş qabiliyyətini artırır, beynəlxalq hərbi təlimlərin iştirakçısı olur. Ancaq Ermənistan ordusunun vəziyyəti acınacaqlıdır. Bu ölkənin ordusu 44 günlük müharibədə aldığı zərbədən hələ özünə gələ bilməyib. Faktiki olaraq, Vətən müharibəsində Ermənistan ordusunun əhəmiyyətli hissəsi sıradan çıxarılıb. Gah deyirlər ki, Rusiyaya pul ödəsək də silahları ala bilmirik, gah da Hindistandan hərbi texnika alaraq hərbi potensiallarını bərpa etmək istəyirlər. Bu gün Azərbaycan Ordusunun arsenalında olan silahlar ən yüksək texnologiyaların daşıyıcısıdır. Ermənistanın Azərbaycanı təxribatçı kimi göstərib, sülh prosesindən yayınmaq ssenarisinə uyğun fəaliyyəti nəticəsiz qalacaq. Azərbaycan Ermənistan daxilində hərbi əməliyyatlar keçirmək kimi dövlət kursu seçməyib və bunu qarşısına məqsəd qoymayıb. Hesab edirəm ki, genişmiqyaslı müharibə üçün Ermənistanın nə insani, həm hərbi resursu var".
Məhəmmədəli QƏRİBLİ