Son günlər Gədəbəydəki qızıl yatağının istismarı ilə məşğul olan şirkətlə bağlı müxtəlif fikirlər səsləndirilib. Həmin şirkətləri ölkədə bəzi şəxslərin adı ilə bağlamaq cəhdləri müşahidə edilib.
Ancaq aparılan araşdırmalardan sonra məlum olub ki, “Söyüdlü” qızıl yatağı Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti tərəfindən istismar edilir.
“Anglo-Asian Mining” şirkəti Azərbaycanın 8 qızıl yatağının (Gədəbəy, Qoşa, Ordubad Qrupu (Şəkərdərə, Misdağ, Ağyurt, Piyazbaşı, Diakçay), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqları) işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.
Hazırda Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya Gədəbəydə baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Bu tədbirlər çərçivəsində “Anglo-Asian Mining” şirkətinin məsuliyyət dairəsi də müəyyən ediləcək.
Azərbaycanın yüksək ranqlı komissiyasının araşdırmaları zamanı nöqsanlar aşkar ediləcəyi təqdirdə sözügedən şirkətlərin fəaliyyəti dayandırıla bilərmi?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hələlik komissiya öz sözünü deməyib və qənaətini bölüşməyib: “Amma buna rəğmən, təkcə Gədəbəydəki şirkətlər deyil, ümuməm ölkəmizdə fəaliyyət göstərən istənilən əcnəbi və yerli şirkət məsuliyyətli olmalı, qanunların tələblərini yerinə yetirməli, problem yaranıbsa, onu qısa zamanda aradan qaldırmalıdır: “Onlar təkcə gəlirləri haqqında deyil, ən azından öz nüfuzları haqqında da düşünməlidirlər. Çünki belə hallar təkcə cərimə və digər sanksiyalara gətirib çıxartmır, həm də şirkətlərin istənilən yerdə layihələrə cəlb olunma imkanlarını məhdudlaşdırır. Təbii ki, mədən, hasilat və bu kimi məsələlərdə xarici tərəfdaşlarla bağlanan müqavilələrdə ekoloji məsələlərdən tutmuş sosial öhdəliklərə qədər hər şey nəzərə alınır və razılaşmada öz əksini tapır. Bugünə kimi Gədəbəydəki əcnəbi şirkət ətraf kəndlərdə hansı sosial layihələri icra edib? Mən araşdırdım, belə bir məlumata rast gəlmədim. Ehtimal etmək olar ki, şirkət bu istiqamətdə heç bir iş görməyib. Baxmayaraq ki, adətən başqa dövlətin ərazisində fəaliyyət göstərən şirkətlər sosial infrastruktur obyektləri yaradır, uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri və buna bənzər obyektlər tikib əhalinin istifadəsinə verirlər. Bu şirkətinin üstəlik ekoloji problemlərin yaranmasına və vətəndaşların narazılığına səbəb ola biləcək pozuntulara yol verməsi, həm müqavilənin şərtlərini, həm də Azərbaycan qanunlarını pozması kifayət qədər düşündürücü məqamdır. Görürsünüzmü, hansısa xarici şirkətin ərazimizdəki məsuliyyətsiz fəaliyyəti hətta Azərbaycan vətəndaşlarını üz-üzə qoymuş olur. Hesab edirəm ki, yaradılan komissiya bununla bağlı dövlət maraqlarımıza uyğun qərarı verəcək”.
Məhəmmədəli QƏRİBLİ