Bütün siyasi partiyaların məqsəd və məramı xalqın, dövlətin maraqlarına xidmət etmək olmalıdır. Cəmiyyətin siyasi mədəniyyətə malik olmasında, bu sahədə maarifçilik işlərinin aparılmasında siyasi partiyalar xüsusi rola malik olmalıdırlar.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayının 55 olduğu göstərilir.
Məlum olduğu kimi, hazırda fəaliyyət göstərən siyasi partiyalarla yanaşı bir neçə partiya da fəaliyyətini dayandırıb və özünü buraxdığını élan edib. Belə ki, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.
Heç şübhəsiz, partiyaların istefa verməsi bir siyasi mədəniyyətin təzahürüdür və cəmiyyətdə bu müsbət qarşılanır.
“Elə partiyalar da oldu ki, yüksək siyasi mədəniyyət göstərərək…”
AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, insan haqları, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı kimi məsələlər demokratiyanın göstəriciləridir. O hesab edir ki, bunun üçün maarifləndirmək, çoxlu sayda beynəlxalq təklifləri öyrənməklə yanaşı iqtisadi təməl də olmaldır. “Siyasi cəhətdən normal inkişaf etmiş ölkələrdə əgər iqtisadiyyat bərbad vəziyyətdə, sosial problemlər olarsa onda dediyimiz amillər cəmiyyətdə öz yerini tuta bilmir. Bu baxımdan, Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra Qərbə inteqrsiya yolu tutmasına baxmayaraq, Qarabağ probleminin ortaya atılması ilə böyük dövlətlər, xüsusən də Rusiya Azərbaycanın normal inkişafına mane olmağa çalışıb. Rusiya Azərbaycan da daxil olmaqla bütün post-Sovet ölkələrinə bu cür münasibət bəsləyib. Azərbaycan ərazisində də Qarabağ problemini yaratmaqla Azərbaycanın normal, dinamik inkişafına, o cümlədən də demokratik təsisatların formalaşmasına mənfi təsir göstərməyə cəhdlər edib. Siyasi partiyalara gəlincə, deyə bilərəm ki, Azərbaycanda 50-dən yuxarı siyasi partiya fəaliyyət göstərir. Onların əksəriyyəti dövlət müstəqilliyinin ilk illərində yaranıb, bu gün də uğurla fəaliyyət göstərirlər. Elə partiyalar da oldu ki, yüksək siyasi mədəniyyət göstərərək özlərini buraxdılar. Mövcud siyasi partiyalar öz proqram nizamnamələri, ideoloji baxışları ilə cəmiyyətin demokratiyaya hazırlanmasında, demokratik təsisatların formalaşmasında mühüm rol oynamalıdır. Bilirsiz ki, dünyada əsasən beş ideoloji baxış formalaşıb. Dünyanın normal ölkələrində isə bunun üçünə (sağ mərkəz, sol mərkəz və mərkəz) yer verilir, əhali tərəfindən müsbət qarşılanır. Siyasi partiyalar yaranarkən bu ideoloji əsaslara söykənməlidir və cəmiyyətdə də insanlar ideoloji cəhətdən özlərinə uyğun partiyalara üzv olurlar, yaxud onun təəssübünü çəkirlər. Məsələn, bir misal çəkim, sağ mərkəzçilik dəyərlərinə görə əsasən kiçik və orta sahibkarlığın mənafeyini müdafiə edir. Bunlar hakimiyyətə gələrkən vergiləri minumuma endirirlər, sosial müavinətləri, pensiyaları azaldırlar. Yəni bunların əsas ideologiyası odur ki, insan ələbaxım olmamalıdır, hər kəs pul qazanmağa çalışmalıdır, buna da şərait yaradırlar. Hətta gözdən əlil insanlara da iş yerləri açırlar ki, evdə oturub müavinət gözləməsin və özləri qazansın. Paralimpiya idman oyunları da məhz sağ mərkəzçilik ideologiyasının yaratdığı bir yarışdır”-deyə M.Zülfüqarlı qeyd etdi.
“Siyasi partiyaların fəaliyyəti üçün münbit şərait mövcuddur”
M.Zülfüqarlı hesab edir ki, Azərbaycanda yaranan partiyaların əksəriyyəti əsasən şəxsiyyətlər ətrafında formalaşır və bu da əsasən regionçuluğa yol açır. Bu cür formalaşan partiyalar isə cəmiyyətin formalaşmasına müsbət deyil, mənfi təsir edir. “Bu da ondan irəli gəlir ki, onların ideoloji baxışı yoxdur, bu da regionçuluğa, qohumbazlığa yol açır. Azərbaycanda əksər partiyalar cəmiyyətlə işləyə və oraya sağlam ideya qoya bilmir. Bu da cəmiyyətin bir sıra siyasi partiyalara inamsızlığını ortaya qoyur. Amma bununla belə, normal fəaliyyəti olan partiyalar da yox deyil. Hesab edirəm ki, siyasi partiyalarımız gələcəkdə öz üzərlərində daha çox çalışmalıdır.
Bütövlükdə, deyərdik ki, dövlət maraqlarına xidmət edən partiyalar da az deyil. Bütün partiyaların ön önəmli işi dövlətçiliyi müdafiə olmalıdır. Hesab edirəm ki, gələcəkdə siyasi partiyalar daha da inkişaf edəcək və demokratik dəyərləri daha dərindən mənimsəyəcək. Bununla belə demək istəyirəm ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün münbit şərait mövcuddur”-deyə müsdahibimiz vurğuladı.
Qeyd edək ki, ölkəmizdə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və bütün siyasi partiyalar bu qanunun tələblərinə uyğun şəkildə fəaliyyət göstərməlidir. Bu istiqamətdə qanunvericilik bazasının möhkəmləndirilməsi və yeni çağırışlara cavab verən məsələlərin qanunda əks olunması siyasi partiyaların qarşısında yeni üfiqlər açıb. Fikrimizcə, onlar öz fəaliyyətlərini müasir tələblər çərçivəsində quracaqlar və cəmiyyətə siyasi mədəniyyət örnəkləri bəxş edəcəklər.
İradə SARIYEVA Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.