Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin iyunun 15-də Laçın dövlət sərhədindəki buraxılış məntəqəsinə qarşı təxribatı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı bəyanat da yayıb.
Bildirilib ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır. Azərbaycanın Laçın yolunu açmaqla bağlı qoyduğu 2 əsaslı şərtə hələlik beynəlxalq reaksiyalar yoxdur. Həmin şərtlər aşağıdakı kimidir: 1.Nəzarət Buraxılış Məntəqəsinə hücum faktının araşdlrılması. 2.Ermənistanın bu hücum üçün məsuliyyəti öz üzərinə götürməsi.
Çox maraqlıdır ki, beynəlxalq birlik hələ də bu tələblərin qarşısında susur. Bunun səbənini nə ilə izah etmək olar?
Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Laçın yolunda Azərbaycan sərhədçilərinə qarşı həyata keçirilmiş təxribata hazırda heç bir beynəlxalq təşkilat tərəfindən və ya super güc olan dövlətlər tərəfindən ciddi reaksiya verilməyib: “Bu, birincisi, onu deməyə əsas verir ki, bu təşkilatlar Azərbaycana qarşı ənənəvi ikili standart və selektiv yanaşma mövqeyi tutublar və baş verən hadisəyə reaksiya verməməklə, əslində bu hərbi cinayətin rezonans verməməsini istəyirlər. İkincisi isə, həmin o təşkilatlar ki, insan hüquqlarından, mədəniyyət abidələrin məhv olmasından və ya sülhə dəstək olmaqla ərazidəki ermənilərin halına yanğı hissini büruzə verirdilər. İndi isə susqunluqla bu hərbi cinayətə şərik olduqlarını göstərirlər. Baş verən hadisəyə görə bütün məsuliyyət Ermənistanın siyasi hakimiyyətinin və hərbi rəhbərliyinin üzərinə düşür. Bunun cavabında isə Azərbaycan Laçın yolunu bağlayaraq, tələblərini irəli sürüb. Bu, Azərbaycanın legitim hüququdur. Hadisə Rusiya SMQ-nin nəzarəti altında olan ərazidə baş verib, Aİ mülki missiyasının xidmət etdiyi bölgədə törədilib. Bu səbəbdən də, onlar da bu hadisəni tərədən şəxsin tapılmasına görə birbaşa məsuliyyət daşıyırlar. Buna görə də, həmin şəxslər lazım olan cəzanı almayana qədər Azərbaycan da Laçın yolunu bağlı saxlamaqda israrlı olacaq. Biz 30 il ərzində dünya ictimaiyyətinin bu qisim hadisələrə biganə münasibətinin şahidi olmuşuq. Əgər belə olmasaydı, heç 30 il gözləmək də lazım olmazdı. İndiki şəraitdə Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək, baş verən bütün təxribatların nəticələrini Ermənistan siyasi hakimiyyətindən tələb edəcək”.
Maraqlıdır ki, Avropa institutları tam bunun əksinə fəaliyyət göstərir. İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçiriləcək yay sessiyasında “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” mövzusunda müzakirə keçiriləcək. AŞPA prezidenti Tini Koks sessiyanın açılışında qeyd edib ki, bu həftə gündəliyə Ermənistan və Azərbaycan arasında gərginliyin yüksək olaraq qaldığı Laçın dəhlizindəki olduqca narahatedici vəziyyətlə bağlı təcili müzakirələr daxildir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu mövzuda müzakirələrin keçirilməsinin əleyhinə olduğunu, bunun Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə mənfi təsirlər göstərə biləcəyini desə də, prosesin qarşısını almaq mümkün olmayıb.
Məhəmmədəli QƏRİBLİ