Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərdən qayıdarkən ölkə mediasına “Zəngəzur dəhlizinin reallaşmasına Ermənistan deyil, İran imkan vermir” sözlərinə Tehran, nəhayət, reaksiya verdi – Azərbaycanın Naxçıvan və Türkiyə ilə İran vasitəsilə quru əlaqəsi qurmasını təklif etdi.
Hətta bunun üçün yeni yol çəkə biləcəklərini də dedi. Onu da iddia etdi ki, Türkiyə və Azərbaycanın istəyi yol deyil, torpaqdır.
İranın bu yanaşması Zəngəzur dəhlizi ilə bağlı onun əsl mahiyyətini açmış olurmu?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu açıqlama İranın əsl mahiyyətini ortaya qoymuş olur:
“İranın hərbi siyasi rəhbərliyi son davranışları ilə bir daha sübut edir ki, Zəngəzur dəhlizinin açılmasına maneələr yaradan əsas qüvvə fars molla rejimidir. Azərbaycan və dəhlizin açılmasında maraqlı olan tərəflər dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli iqtisadi layihədir, bu layihənin açılması heç də Ermənistanın ərazi bütövlüyü üçün bir təhdid deyil, əksinə, İrəvan da bununla böyük iqtisadi dividendlər əldə edəcək. Hesab edirəm ki, bu reallığı Ermənistan rəhbərliyi də yaxşı başa düşür. Amma İran və digər maraqlı qüvvələr Zəngəzur dəhlizini Ermənistan üçün təhlükə kimi qələmə verərək öz maraqlarını təmin etmək istəyir. İran öz ərazisindən dəhliz təklif etməklə Zəngəzur dəhlizi layihəsini blokmalamq istəyir. Azərbaycanla Türkiyəni də müəyyən atmacalarla ittiham edir. Necə olur ki, İran öz ərazisindən dəhliz keçirməyə razıdır, amma dəhlizin Ermənistan ərazisindən keçməsini istəmir? Niyə? Səbəb məlumdur. İran bölgədə öz varlığını, öz mənafeyini qoruyub saxlamaq istəyir. İran yaxşı anlayır ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşarsa, Zəngəzur dəhlizi reallaşarsa, bu, rəsmi Tehranın proseslərdən kənar qalmasına gətirib çıxaracaq. Əslində, belə də olmalıdır. Çünki molla rejimi kimi terrorçu, separatçı, pozucu rejimə bölgədə yaranan yeni düzəndə yer yoxdur. Azərbaycanın yaratdığı yeni reallıqlar sabitlik, təhlükəszilik, tərəqqi, iqtisadi inkişaf və firavan gələcəyi özündə ehtiva edir. İranı narahat edən də bu amillərdir. İran bölgədə sabitlik, iqtisadi inkişaf istəmir. İran, xüsusilə də Ermənistanın inkişafında maraqlı deyil. Çünki İran, Fransa və bu kimi pozucu qüvvələrə zəif, tənəzzül içində olan Ermənistan lazımdır ki, öz diqtəsini qəbul etdirə bilsin. Bu reallıqları Paşinyan hakimiyyəti də yaxşı başa düşsə də, təəssüf ki, boyunduruqdan yaxa qurtara bilmir. Həmin qüvələr Ermənistanın müstəqil siyasət yürütməyinə tam mane olur. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz qətiyyətli siyasəti ilə gec-tez Zəngəzur dəhlizinin açılmasına və yeni reallıqların bərqərar olmasına nail olacaq. Buna heç kimin zərrə qədər də şübhəsi olmasın”.
Bir neçə gün əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan da vurğulayıb ki, kommunikasiyaların açılmasına dair danışıqlarda Azərbaycanla müəyyən irəliləyiş var, lakin yekun nəticələr barədə danışmaq hələ tezdir.
Mirzoyan deyib ki, Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur.
Qeyd edək ki, ötən ilin martında Azərbaycan və İran Zəngəzur dəhlizinə alternativ yolun inşası barədə anlaşma memorandumu imzalayıb. Bir az da detallı şəkildə xatırladaq ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixində Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdı.
Ancaq bu heç də o anlama gəlmir ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina edir.
Məhəmmədəli QƏRİBLİ