Cənubi Qafqaz regionunun yeni böyük layihələrindən biri hesab edilən, Avrasiyanın əsas nəqliyyat qovşağına çevriləcək Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilmək üzrədir. Bu xüsusda əslində zəruri addımlar atılır.
Qeyd edilən xüsusda Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu maraqlı açıqlamalar verib.
O qeyd edir ki, Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvanı birləşdirəcək, Türkiyə ilə yeni nəqliyyat əlaqəsi yaradacaq: “Zəngəzur dəhlizi gələcəkdə Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin işlək olması Orta Dəhlizin dəmir və avtomobil yolu ilə yükdaşıma qabiliyyətini artıracaq. Həmçinin bu Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək”. Onun sözlərinə görə, Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji sahəsindəki əməkdaşlıq Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyətini artıracaq. Nazir vurğulayıb ki, Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək. Onun sözlərinə görə, xəttin Ermənistan hissəsinin Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq. O, Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək Qars-Naxçıvan dəmir yolundan da danışıb: “Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq”. Bütün bunlar Zəngəzur dəhlizinin açılmasına əminlik yaradır və əslində, İrəvan da proseslə razıdır. Hazırda aparılan danışıqlardan da görünür ki, dəmir yolu ilə bağlı Azərbaycan və Ermənistan arasında ziddiyyət yoxdur. Ziddiyyət Ermənistan və Rusiya arasındakı texniki məsələlərlə bağlıdır. Yolun Ermənistandan keçən hissəsinə kim tərəfindən nəzarət ediləcəyi məsələsi gündəmdədir. Kreml israr edirdi ki, Laçın yoluna da, Zəngəzur yoluna da ancaq və ancaq Moskva nəzarət etməlidir. Azərbaycanın bütün müqavimətlərə baxmayaraq, Laçın yoluna sərhəd-keçid məntəqəsi inşa edib nəticəyə nail olması bu məsələnin çözülməsində mühüm rol oynadı. Rəsmi Bakının Laçın yolunda qəti addım atması Zəngəzur yolu düyününün açılmasında birbaşa və həlledici əhəmiyyət kəsb etdi. Deməli, Ermənistan maneəsi aradan qalxır.
Digər tərəfdən, ortada İran faktoru da var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elə bu günlərdə qeyd edib ki, Zəngəzur dəhlizi Ermənistanla deyil, İranla bağlı problemdir: “İranın burada belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi məyus edir. Əslində onları da məyus etməlidir. Bu məsələni qısa zaman ərzində həll edəcəyimizə ümid edirəm. Buna müsbət yanaşsalar, həm quru, həm də dəmir yolu ilə burada Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə “Pekin-London” xətti də açılmış olar”. İran parlamentinin erməni deputatı Robert Beqlaryan isə etiraf edir ki, Zəngəzur dəhlizi Azərbaycana verilsə, İranın gələcək planları pozulacaq: “Bu durumda İranın Hindistan və Ermənistanla gələcək planları pozulacaq. Geosiyasi baxımdan İranın şimalında Turan səddi yaranacaq”. Beqlaryan bu səbəblərdən Zəngəzur dəhlizinin molla rejiminin “qırmızı xətt”i olduğunu və buna mane olmağa çalışacağını söyləyib. Eyni zamanda qeyd edib ki, İran İsrail və Qərb faktorunu nəzərə alaraq bölgədə münaqişəyə girməkdən çəkinir. Beqlaryan onu da əlavə edib ki, Azərbaycan və Türkiyə İrana öz Zəngəzur dəhlizinin açılmasına nail olacaqlarına dair mesajlar verir. Hesab edilir ki, Ermənistan kimi İran da Zəngəzur dəhlizinin açılması ilə barışmalı olacaq. Zəngəzur dəhlizinin açılması qaçılmazdır və bu istiqamətdə səylər artırılır. Dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov qeyd edir ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda sülhün bərqərar olması ilə yanaşı, təchizat zəncirinin təhlükəsizliyi üçün də böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi üzərindən Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında reallaşdırılacaq regional kommunikasiya layihələri, işğaldan azad edilmiş ərazilərin mövcud potensialından tam istifadə edilməsi davamlı və dayanıqlı inkişaf, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq erasını təşviq etməsi üçün geniş imkanlar yaradır. Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə dağılmış nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni avtomobil yollarının, dəmir yollarının inşası istiqamətində mühüm işlər görülür: "Həmin ərazilərdə Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib. Baş plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz-Ağbənd dəmir yolu mühüm əhəmiyyət kəsb edir. Sözügedən layihənin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır”. Elə dəhlizin də gələn ilin sonunda işə düşməsi gözlənilir.
Tahir TAĞIYEV